Benzinin qiyməti ilə bağlı SON DƏQİQƏ xəbəri yayıldı - Tarif Şurası nə zaman qərar verəcək?

Dünya enerji bazarlarında müşahidə olunan dəyişikliklər və neft qiymətlərinin dinamikası fonunda Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağının qiymətinin yaxın aylarda artırılıb-artırılmayacağı müzakirə olunan mövzulardandır.

Mövzu ilə bağlı Referans Media-nın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, yanacaq qiymətlərinin yaxın aylarda artırılıb-artırılmayacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Onun sözlərinə görə, Azərbaycanda Aİ-92 benzini və dizel yanacağının qiymətləri tam sərbəst bazar prinsipləri ilə deyil, dövlət tənzimlənməsi çərçivəsində formalaşdığı üçün qəbul edilən qərarlar yalnız dünya bazarındakı qiymətlərdən asılı olmur.

İqtisadçı qeyd edib ki, dünya bazarında neftin bahalaşması, neft məhsullarının qiymətinin artması, logistika və istehsal xərclərinin yüksəlməsi qiymətlərə təsir edə bilən əsas iqtisadi amillərdir. Bununla yanaşı, ölkənin daxili istehsal imkanları, inflyasiya səviyyəsi, sosial-iqtisadi vəziyyət və hökumətin inflyasiyanı nəzarətdə saxlamaq məqsədləri də qərar qəbul edilərkən nəzərə alınır.

Akif Nəsirlinin sözlərinə görə, hazırkı şəraitdə təkcə beynəlxalq bazarlardakı dəyişikliklərə əsaslanaraq yaxın aylarda yanacaq qiymətlərinin mütləq artırılacağını söyləmək doğru olmaz. O bildirib ki, əgər dünya bazarında qiymətlər uzun müddət yüksək səviyyədə qalarsa və daxili iqtisadi göstəricilər də bunu zəruri edərsə, qiymətlərə yenidən baxılması gündəmə gələ bilər. Əksinə, beynəlxalq bazarda sabitlik qorunarsa və daxili iqtisadi şərait imkan verərsə, mövcud qiymətlərin ilin sonunadək saxlanılması da mümkündür.

Ekspert vurğulayıb ki, hazırda yanacaq qiymətlərində artımın qaçılmaz olduğunu demək üçün kifayət qədər əsas yoxdur. Onun fikrincə, bu məsələ daha çox dünya enerji bazarındakı proseslər, ölkədaxili iqtisadi vəziyyət və dövlətin qiymət siyasətindən asılı olacaq.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki