Hindistanda yeni satılan bütün smartfonlarda hökumət tərəfindən idarə olunan kibertəhlükəsizlik tətbiqinin quraşdırılması məcburi hala gətirilib.
Referans Media xəbər verir ki, Telekommunikasiya Nazirliyinin verdiyi qərara əsasən “Sanchar Saathi” adlı tətbiqi bütün yeni cihazlara 90 gün ərzində əvvəlcədən quraşdırılacaq. İstifadəçilər tətbiqi silməsi mümkün olmayacaq.
Qərarda bildirilib ki, istehsalçılar tətbiqi köhnə modellərə proqram təminatı yeniləmələri vasitəsilə quraşdırmaq məcburiyyətindədir. Tətbiqin “kiber fırıldaqçılıq üçün telekommunikasiya resurslarından sui-istifadənin qarşısını almaqda və telekommunikasiya kiber təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı” bildirilib.
Yanvar ayında istifadəyə verilən “Sanchar Saathi” tətbiqi istifadəçilərə itirilmiş və ya oğurlanmış telefonları bloklamağa və izləməyə, eləcə də saxta mobil nömrələri aşkarlamağa və deaktiv etməyə imkan verir. Bu qərarın cihazlarına üçüncü tərəf tətbiqlərinin əvvəlcədən quraşdırılmasına icazə verməyən “Apple” kimi şirkətlər tərəfindən etirazla qarşılanacağı gözlənilir. Sosial şəbəkələrdə yazılan şərhlər göstərir ki, hindistanlı istifadəçilər bu praktikanın məcburi olmasına etiraz edirlər.






















