Ölkədə tez-tez baş verən seysmik təkanlar müxtəlif ərazilərə görə, fərqli formada hiss olunur. Belə ki, paytaxtın mərkəzində yaşayan şəxslər zəlzələni hiss etdiyi halda, Bakıətrafı kənd və qəsəbələrdə yaşayanlar heç bir titrəyiş hiss etmədiklərini bildirirlər.
Bir-birinə yaxın ərazilərdə seysmik təkanların fərqli formada hiss olunmasına səbəb nədir? Torpaq strukturunun bunda nə kimi rolu var?
Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, seysmoloq Qulam Babayev Referans-a açıqlamasında bu sualları cavablandırıb.
“Yer təkanlarının hiss olunma dərəcəsi, təbii ki, yalnız zəlzələnin gücündən asılı deyil. Bu həm də torpağın da fiziki-mexaniki parametrlərindən, süxurların xüsusiyyətlərindən asılıdır. Məsələn, sərt süxurlar sərt süxurlar, daşlı qaya massivlərində seysmik dalğalar tez burulur yəni güclənmir. Buna görə də, titrəyişlər nisbətən zəif hiss olunur. Nisbətən yumşaq süxurlar, məsələn, gil, qum, olivial çöküntülər və s. çöküntülərdə seysmik dalğalar zəifləmək əvəzinə daha da güclənir. Bununla yanaşı uzun müddət də davam edir. Təbii ki, belə şəraitdə titrəyişlər daha güclü hiss olunur”.
Seysmoloq qeyd edib ki, seysmologiyada torpaqla əlaqəli “seysmik kölgə effekti” anlayışı mövcuddur. Bu anlayış məhz sözügedən məsələni açıqlamağa imkan verir.
“Bəzi relyef və geoloji quruluşlu quruluşlarda, məsələn, massiv-dağ yamaclarının arxasında və digər hissələrdə relyefin forması kəskin dəyişdiyinə görə, dalğaların istiqaməti dəyişərək zəifləyə də bilər. Yəni sanki bir sipər rolunu oynayır. Azərbaycana gəlincə isə daşlıq-dağ massivləri Quba, Xınalıq, Daşkəsən, Qarabağ Dağlıq zonalarında, Naxçıvan Dağlıq hissələrində süxurlar sərtdir. Buna görə də çox vaxt eyni maqnitudalı zəlzələ çökəkliklərə nisbətən daha az hiss olunur. Nisbətən yumuşaq çökəklikli ərazilərdə – Bakı, Abşeron yarımadası, Kür-Araz ərazisi, Lənkəran düzənliyi və bu kimi zonalarda qalın çöküntü qatları mövcuddur amma seysmik dalğalar burada çox güclənir. Yumuşaq süxurlarda isə ümumiyyətlə, seysmik dalğaların amplitudası 2 qat da güclənə bilər. Möhkəm süxurlarda isə udulma əmsalı irəli sürülür. Məsələn, Abşeronda elə süxurlar var ki, olduqca uzaqda baş verən zəlzələ təkanları belə hiss oluna bilər. Dağətəyi zonalarda isə Şamaxıda, İsmayıllıda, Qazax, Tovuz istiqamətlərində qarışıq geoloji şərait olduğuna görə bəzi kəndlərdə titrəyiş çox hiss olunur amma digərlərində isə zəif”.
Ekspert qeyd edib ki, Azərbaycanda belə prosesləri təyin etmək üçün dəqiq seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanmasına artıq uzun müddətdir ehtiyac var.
Fidan Vəlisoy
