Azərbaycanda əhalinin manatla depozitlərinin həcmi artır, dollarlaşma səviyyəsində isə azalma müşahidə olunur. Bu tendensiyanın əsas səbəbləri nələrdir və manatla yığımların artması iqtisadiyyat üçün hansı nəticələr yarada bilər?
Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda əhalinin manatla yığımlarının artması və depozitlərin dollarlaşmasının azalması son dövrdə valyutaya tələbin zəiflədiyini göstərən əsas göstəricilərdən biridir.
Onun sözlərinə görə, Mərkəzi Bankın məlumatına görə, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2026-cı ilin iyulunda 25,8 faizə düşüb və son bir ildə 3,7 faiz bəndi azalıb. Eyni zamanda, əhalinin banklardakı əmanət portfeli avqustun sonuna 17,8 milyard manata çataraq ilin əvvəlindən 9,1 faiz artıb.
“Bu tendensiyanın bir səbəbi manatın məzənnəsinin uzun müddətdir sabit qalması ilə bağlı əhalinin valyuta riskini əvvəlki qədər yüksək qiymətləndirməməsidir. İnsan üçün dollar almağın əsas motivlərindən biri manatın ucuzlaşmasından qorunmaqdır. Manatın məzənnəsində kəskin dəyişiklik gözləntisi zəiflədikcə, yığımları xarici valyutaya çevirmək ehtiyacı da azalır.
Mərkəzi Bank da 2026-cı ildə valyuta bazarında təklifin tələbi üstələdiyini və dollarlaşma prosesinin davam etdiyini bildirir”.
Ekspert qeyd edib ki, digər amil manatla depozitlərin gəlirliliyidir:
“Əhali üçün əsas məsələ yalnız pulun hansı valyutada saxlanılması deyil, həmin pulun gəlir gətirib-gətirməməsidir. Manatla müddətli əmanətlər üzrə faiz gəliri əldə etmək mümkün olduğu halda, xarici valyutada vəsait saxlamaq daha çox məzənnə riskindən qorunma funksiyası daşıyır. Buna görə manatın sabitliyi və manat əmanətlərinin faiz gəliri birlikdə vətəndaşların seçimlərinə təsir edir”.
A. Nəsirli bildirib ki, bu prosesin iqtisadiyyat üçün müsbət tərəfi bank sistemində manat resurslarının həcminin artmasıdır.
“Bankların manatla daha çox vəsait cəlb etməsi kreditləşmənin milli valyutada genişlənməsi üçün əlavə resurs yarada bilər. Bu vəsaitlər biznes kreditlərinə, istehlak kreditlərinə və digər maliyyələşdirmə istiqamətlərinə yönəldilərsə, iqtisadi aktivliyə dəstək verə bilər.
Dollarlaşmanın azalması həm də maliyyə sisteminin valyuta risklərini müəyyən qədər aşağı salır. Bankların öhdəliklərində xarici valyutanın payı azaldıqca, məzənnə dəyişikliklərinin bank balanslarına mümkün təsiri də zəifləyir.
Eyni zamanda, əhalinin dollar almaq tələbinin azalması valyuta bazarında manata olan etimadın və milli valyutada yığım meylinin gücləndiyini göstərən amillərdən biridir”.
Ekspert vurğulayıb ki, manatla depozitlərin artmasını avtomatik olaraq iqtisadiyyatın bütün problemlərinin həlli kimi qiymətləndirmək olmaz.
“Əsas məsələ banklara daxil olan manat resurslarının necə istifadə edilməsidir. Əgər bu vəsaitlər əsasən iqtisadiyyatda məhsuldar investisiyalara, sahibkarlığa və istehsala yönəldilərsə, təsiri daha güclü olar. Əksinə, vəsaitlər əsasən istehlak kreditlərinin genişlənməsinə yönələrsə, daxili tələbi və müəyyən hallarda inflyasiya təzyiqini artıra bilər”.
A. Nəsirli qeyd edib ki, hazırkı göstəricilər ümumilikdə manatlaşmanın gücləndiyini göstərir.
“2026-cı ilin avqustunda Mərkəzi Bank həm də valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələdiyini qeyd edib. İlin səkkiz ayında valyuta ehtiyatları 32,9 faiz artaraq 15,3 milyard dollara çatıb.
Bu mənzərə manatla yığımların artmasının təkcə bank faizləri ilə deyil, ölkənin xarici valyuta bazarındakı ümumi balans və makroiqtisadi sabitliklə də əlaqəli olduğunu göstərir”.
Gülnaz Abdullazadə
