Kredit borcu olanların DİQQƏTİNƏ: Məhkəmə, əmlak və ölkədən çıxışla bağlı TƏCİLİ XƏBƏR YAYILDI

Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 721,8 milyon manat təşkil edib. Problemli kreditlərin həcmi ilin əvvəlinə nisbətən 37,6 faiz, son bir ildə isə 36 faiz artıb. Bəs bu artımın əsas səbəbləri nələrdir və hazırkı göstəricilər bankların maliyyə dayanıqlılığı baxımından hər hansı risk yaradırmı? Problemli kreditlərin artması fonunda Azərbaycanda hər hansı bankın fəaliyyətini dayandırması və ya bağlanması ehtimalı varmı?

Referans Media-ya açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, problemli kreditlərin həcminin artması əsasən ödəmə qabiliyyətinin zəifliyi ilə izah olunur.

Onun sözlərinə görə, bu kimi kreditlər əsasən yüksək məbləğdə olur və kredit götürən şəxsin tək gəlir qaynağı ilə bağlıdır.

“Borc yükünün artmasının arxasında digər bir səbəb isə illər əvvəl xarici valyutada kredit götürən şəxslərin borcunun artması və illərlə ödəməməsi ilə bağlıdır.

Düşünürəm ki, əgər rəsmi, sənədli və ehtiyacını isbat edən sənədlər varsa, bu zaman şəxsə kredit ayrılsın.

Əvvəlki həcmi artmış kreditlərlə bağlı isə bankın daxili qaydaları və müraciət əsasında məhkəmə qaydasında faizlərin müəyyən hissəsinin silinməsi mümkündür”.

Ekspert qeyd edib ki, kreditin sığortalanması xidməti də mövcuddur:

“Yeni şəxsin ödəmə qabiliyyətinin çətinləşməsi zamanı sığorta hesabına kompensasiya edilir. Sığorta əlavə ödənişli olduğu üçün vətəndaşlar bu xidmətdən imtina edirlər. Nəticədə çətinlik vəziyyətində əmlakına həbs qoyulur, faiz həcmi və yekunda borc artır, ölkədən çıxışa qadağa və nəhayət, yekunda şəxs həbs edilə bilər. Təbii ki, həbs edilmə məsuliyyəti və borcdan azad etmir”.

Günay Hüseynova problemli kreditlərin artması fonunda Azərbaycanda hər hansı bankın fəaliyyətini dayandırması və ya bağlanması məsələsinə də münasibət bildirib.

“Media vasitəsilə müxtəlif saytlarda əksər bankların reytinq göstəriciləri açıqlanır. Həmin reytinqlərdə bankların mənfəəti, xalis mənfəəti, maliyyə göstəriciləri yer alır. Həmin göstəricilərə əsasən müəyyən qədər təxmin etmək mümkündür.

Tamamilə bağlanmasına gəldikdə isə, bu təkcə likvidliyin pozulması deyil, qanunvericiliyin tələblərinin pozulması, çoxsaylı şikayətlər, istehlakçı hüquqlarının kobud şəkildə pozulması, əvvəlki xəbərdarlıq və töhmətə məhəl qoyulmaması kimi hallarda lisenziyanın ləğv edilməsi və bankın tamamilə bağlanması ilə nəticələnə bilər”.

Ekspert bank sektorunda digər ölkələrin təcrübəsindən yararlanaraq islahatların keçirilməsinin vacibliyini də vurğulayıb.

“Məsələn, Türkiyə nümunəsini xüsusilə vurğulamaq istəyirəm. Əksər banklar tərəfindən 50 min TL, milli valyutamızla təqribən 1800-2000 manata yaxın məbləğ 6 ay müddətində vətəndaşa faizsiz verilir.

Digər nümunə isə kredit kartları ilə bağlıdır. “Vade farksız taksit” sistemidir. Xüsusilə özəl sektorun inkişafı və vətəndaşın ödəniş qabiliyyətini asanlaşdırmaq məqsədilə tətbiq edilir. Məsələn, bankların şərtlərinə əsasən, 3-6-9-12 ay faizsiz ödəniş sistemi ilə məhsul almaq mümkündür. Hətta əksər kartlarda illik xidmət haqqı da yoxdur”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki