Elektrikli avtomobil sahiblərinin DİQQƏTİNƏ: Bu ölkələr məhdudiyyət qoydu

Elektrikli avtomobillərin kamera, sensor və məlumat toplama imkanları hərbi və strateji obyektlərdə təhlükəsizlik narahatlığı yaradıb. Türkiyə də daxil olmaqla bir sıra ölkələrdə xarici istehsal olan avtomobillərin hərbi və müdafiə sənayesi müəssisələrinin ərazilərinə girişinə məhdudiyyətlər qoyulub.

Referans Media xəbər verir ki, Türkiyədə ASELSAN, ROKETSAN, HAVELSAN və TUSAŞ Motor Sənayesi (TEI) kimi müdafiə sənayesi müəssisələri təhlükəsizlik səbəbindən xarici elektrikli avtomobillərin kampuslarına girişini məhdudlaşdırıb. Narahatlığın əsas səbəbi avtomobillərdəki kameraların və sensorların ətraf mühit barədə görüntü və məlumat toplaması, eləcə də bu məlumatların ötürülməsi ehtimalıdır. Belə məlumatların hərbi obyektlərin yerləşməsi və fəaliyyəti ilə bağlı həssas informasiyanı üzə çıxara biləcəyi bildirilir.

Türkiyə mətbuatının məlumatına görə, TEI-nin baş direktoru Mahmut Faruk Akşit avtomobillərdəki kamera və sensorların ətraf mühitin xəritəsini çıxara bildiyini vurğulayıb. O, məlumatların kim tərəfindən və necə idarə olunmasının təhlükəsizlik baxımından narahatlıq doğurduğunu bildirib. Bu səbəbdən ASELSAN, ROKETSAN, HAVELSAN və TEI-nin ərazilərinə xarici elektrikli avtomobillərin girişinə məhdudiyyətlər tətbiq edildiyi qeyd olunur.

Polşa ordusu 2026-cı ilin fevralında Çində istehsal olunan avtomobillərin mühafizə olunan hərbi obyektlərə girişini qadağan edib. Qərarın avtomobillərdəki kameralar, mikrofonlar, naviqasiya və məlumat toplama sistemlərinin yarada biləcəyi kəşfiyyat riskləri ilə əlaqəli olduğu bildirilir. Hərbi qulluqçuların xidməti telefonlarını Çin istehsalı avtomobillərin multimedia sistemlərinə qoşmasına da məhdudiyyət qoyulub.

Almaniyada Çin istehsalı avtomobillərin bəzi hərbi və kəşfiyyat obyektlərinin dayanacaqlarına girişinə icazə verilmir. Sürücülər alternativ dayanacaq sahələrinə yönləndirilir. Çexiyada isə Çin istehsalı bəzi Tesla və Volvo modelləri də daxil olmaqla müəyyən avtomobillərə hərbi obyektlərdə məhdudiyyətlər tətbiq olunur. Bundan başqa, ORLEN qrupuna bağlı bir şirkətin dörd strateji sənaye müəssisəsinə Çin istehsalı avtomobillərin girişini qadağan etdiyi bildirilir.

Böyük Britaniyada bütün hərbi obyektləri əhatə edən ümumi qadağa olmasa da, bəzi müdafiə müəssisələrində elektrikli avtomobillərlə bağlı daha sərt təhlükəsizlik qaydaları tətbiq edilir. İsveçrədə internetə daimi qoşulan avtomobillərin həssas hərbi obyektlərin yaxınlığında istifadəsinə məhdudiyyətlər olduğu bildirilir. Fransada isə hərbi əks-kəşfiyyat qurumunun BYD və Tesla markalı avtomobillərin yarada biləcəyi məlumat təhlükəsizliyi riskləri ilə bağlı xəbərdarlıqlar etdiyi qeyd olunur. Bununla belə, Fransada bütün bu avtomobillərə şamil edilən ümumi hərbi obyekt qadağası yoxdur.

ABŞ-da xarici ölkələrlə əlaqəli avtomobillərin hərbi obyektlərdə istifadəsini məhdudlaşdırmağa yönələn qanunvericilik təşəbbüsləri müzakirə olunur. Hazırlanan müdafiə qanun layihəsində müəyyən avtomobillərin 2027-ci ildən etibarən hərbi obyektlərə girişinin qadağan edilməsi nəzərdə tutulur. Çin də 2021-ci ildə Tesla avtomobillərinin hərbi obyektlərdə istifadəsinə məhdudiyyətlər tətbiq etmişdi. Sonradan məlumat təhlükəsizliyi standartlarına uyğunluqla bağlı qiymətləndirmələrdən sonra bəzi məhdudiyyətlərin yumşaldıldığı bildirilir.

Müasir avtomobillər kameralar, sensorlar, naviqasiya və internet bağlantısı vasitəsilə ətraf mühit haqqında geniş məlumat toplaya bilir. Bu məlumatların ötürülməsi və saxlanılması qaydaları ilə bağlı qeyri-müəyyənliklər hərbi və strateji obyektlərdə əlavə təhlükəsizlik tədbirlərinə səbəb olur.

Qeyd edək ki, bu məhdudiyyətlər bütün elektrikli avtomobillərin istifadəsinə və ya ölkələr üzrə ümumi avtomobil hərəkətinə qadağa demək deyil. Tədbirlər əsasən hərbi, müdafiə sənayesi və digər strateji obyektlərə girişlə bağlıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki