Əliyevin 3 il əvvəlki mesajı gündəmdə: proseslər ciddi fazaya keçdibackend

Əliyevin 3 il əvvəlki mesajı gündəmdə: proseslər ciddi fazaya keçdi

  Son günlər Rusiyada baş verən hadisələr dünya azərbaycanlıları arasında ciddi narahatlıq doğurub. Azərbaycan diasporunun fəalları müxtəlif təxribatlarla üz-üzə qalır, onların fəaliyyətinə qarşı çirkin kampaniyalar aparılır. Bunun fonunda diaspor quruculuğu, lobbiçilik və milli həmrəylik məsələləri yenidən gündəmə gəlib. Ekspertlər və ictimai fəallar bildirirlər ki, dünya azərbaycanlılarının təhlükəsizliyinin təmin olunması və birliyinin möhkəmləndirilməsi üçün təcili və sistemli addımlar atılmalıdır.

Mütəxəssislər hesab edirlər ki, mövcud çağırışlar qarşısında parçalanma yox, daha sıx koordinasiya və birgə fəaliyyət ön plana çıxmalıdır. Azərbaycan diaspor təşkilatlarının həm lokal, həm də beynəlxalq miqyasda daha effektiv şəkildə fəaliyyət göstərməsi üçün yeni yanaşmalara ehtiyac var. Bu kontekstdə, həm dövlət qurumlarının dəstəyi, həm də cəmiyyətin öz daxili həmrəyliyi həlledici rol oynayır.

Diasport fəaliyyətinin gücləndirilməsi üçün hansı işlər görülməlidir?

Globalinfo.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, Azərbaycanın müstəqillik əldə etdikdən sonra xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələri xeyli genişlənib və diasporla iş dövlət siyasətinə çevrilib.

Onun sözlərinə görə, dünya təcrübəsi də göstərir ki, dövlətçiliyin inkişafında diaspor amili mühüm yerlərdən birini tutur:

“Ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində diaspor özündə siyasət, mədəniyyət, cəmiyyətləri, birlikləri və sair birləşdirən institutlaşmış funksional tərkib kimi qəbul edilir. Diaspor amili dövlətçiliyin inkişafı, dünyadakı nüfuzunun və təsir imkanlarının artması yönündə önəmli əhəmiyyətə malikdir. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da öz fəaliyyətlərinin yeni mərhələsində müəyyən qüsurları mövcud idi. Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni mərhələnin başlanğıcı qoyulub, azərbaycançılıq həm ölkəmizdə, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilib. Qazanılmış nailiyyətlər ölkədə milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə zəmin olub. Xaricdə yaşayan həmvətənlərimiz bu gün Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb ediliblər, onların iqtisadiyyatımıza investisiya qoyması və ölkə ərazisində sərbəst formada sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün əlverişli şərait yaradılıb”.

Müşfiq Cəfərov

Deputat qeyd edib ki, diaspor və lobbiçilik fəaliyyəti istənilən ölkənin xarici siyasətində birmənalı olaraq əhəmiyyətli yer tutur:

“Bu günə kimi Diaspora İş üzrə Dövlət Komitəsi çox böyük işlər görür. Uzaq məmləkətlərdə olan azərbaycanlıları həmin ölkənin ictimai, siyasi və mədəni həyatında iştiraka cəlb edir və onları stimullaşdırır. Təbii ki, bu sahədə də xeyli müsbət nəticələr əldə edilib. Bu gün azərbaycanlılar ABŞ-da, Avropa İttifaqı (Aİ) ölkələrində, o cümlədən Rusiyada nə qədər fəal olsalar, bir o qədər həmin dövlətlərin siyasətlərinə təsir göstərə bilirlər. Ona görə də diasporalara ayrılan vəsaitlər, əsasən təşkilatlanma məsələlərinə həsr olunur və bu, olduqca vacibdir. Düzdür, qeyd etdiyim kimi, diaspor fəaliyyətində bir sıra irəliləyişlər var, amma bunu yetərli hesab etmək qətiyyən doğru deyil. Çünki son illərə qədər Azərbaycan diasporunun yerli cəmiyyətlərə inteqrasiya problemləri var idi və bu, hələ də davam edir. Digər bir problem isə xaricdə, xüsusilə Avropa və ABŞ-da ikinci nəsil azərbaycanlıların diaspora qazandırılması ilə bağlıdır. Ümumiyyətlə, ikinci nəsil azərbaycanlıların diaspora qazandırılması, onların milli kimliklərini qorumaq və Azərbaycanla əlaqələrini gücləndirmək üçün vacib bir məsələdir. Bu məqsədlə həyata keçirilən tədbirlər, gənclərin təhsil, mədəniyyət və siyasət sahələrində fəal olmalarını təşviq edir və nəticədə daha güclü bir Azərbaycan diasporasının formalaşmasına xidmət edir”.

M.Cəfərovun dediklərinə görə, əvvəllər  bizim üçün inteqrasiya məsələsi problem idisə, indi ikinci nəsil azərbaycanlıların assimilyasiya problemi var:

“Azərbaycan diasporu Tovuz döyüşlərindən sonra mütəşəkkil formada fəaliyyət göstərdi. Beləliklə, bir sıra ölkələrdə təşkilatlanaraq, sistemli addımlar atmasını müşahidə etdik. Dövlət başçısı İlham Əliyev Şuşa qurultayında diaspor nümayəndələrinə tövsiyələr verdi və bu, əslində bir növ yol xəritəsi idi. Prezident bildirdi ki, Azərbaycan həqiqətlərinin, erməni vadanlizminin dünyaya çatdırılması kifayət qədər vacibdir və mübarizə hələ davam edir. Biz də bütün azərbaycanlıların bu sahədə ciddi təşkilatlanmalarını gözləyirik”.

Xatırladaq ki, 2022-ci il aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilib.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki