Ərdoğan Kanada ilə bağlı qərar verdi – Karni məmnun qaldı

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Kanada arasında ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq istəyir. 

Referans Media xəbər verir ki, bu barədə Türkiyə lideri  özü məlumat verib.

Qeyd edək ki, Kanadanın Baş naziri Mark Karni Türkiyədə rəsmi səfərdədir.

Ankaradakı Prezident Kompleksində Kanadanın baş naziri üçün rəsmi qarşılama mərasimi keçirilib. Mərasim zamanı Karninin şərəfinə 21 yaylım atəşi açılıb.

Kanada baş naziri sosial şəbəkə hesabında Ankaraya gəlişini əks etdirən görüntüləri paylaşıb. O bildirib ki, iki ölkə arasındakı tərəfdaşlığı yeni səviyyəyə yüksəltmək məqsədilə Türkiyəyə gəlib.

Onun sözlərinə görə, Kanada Türkiyə bazarına çıxış imkanlarını genişləndirmək, hər iki ölkənin şirkətləri və işçiləri üçün yeni iqtisadi imkanlar yaratmaq niyyətindədir.

“CNN Türk”ün məlumatına görə, Ərdoğan birgə mətbuat konfransında hazırda təxminən 3 milyard dollar təşkil edən ikitərəfli ticarət dövriyyəsinin əvvəlcə 5 milyard, daha sonra isə 10 milyard dollara çatdırılmasının planlaşdırıldığını deyib. O, hava nəqliyyatı haqqında sazişin yenilənməsi nəticəsində iki ölkə arasında birbaşa uçuşların sayının təxminən iki dəfə artırılacağını da bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər də müzakirə olunub. Tərəflər münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə qərar qəbul ediblər./Globalinfo.az

Ərdoğanın sözlərinə görə, enerji, ticarət, nəqliyyat və müdafiə sənayesi sahələrində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Görüşdə bu istiqamətlər üzrə konkret addımları əhatə edən fəaliyyət planı da qəbul edilib.

Bundan əlavə, tərəflər ticarət və investisiya həcmini artırmaq məqsədilə ilin sonunadək azad ticarət sazişi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər. İqtisadi əlaqələrin inkişafı üçün Birgə Ticarət və İqtisadi Komitə də daxil olmaqla, mövcud əməkdaşlıq mexanizmlərindən daha səmərəli istifadə olunacaq. Komitənin növbəti iclasının 2027-ci ildə özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilməsi planlaşdırılır.

Ankaradakı görüşlərdən sonra Kanadanın Baş naziri Mark Karninin İstanbula səfər edəcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki