"Fənərbaxça" yay transfer dövrü üçün hücum xəttini gücləndirmək məqsədilə diqqətçəkən addım atmağa hazırlaşır. İstanbul təmsilçisinin hədəfində Romelu Lukaku var.
Referans Media xəbər verir ki, Napoli forması geyinən təcrübəli hücumçu üçün yaxın günlərdə rəsmi təklif göndərilməsi planlaşdırılır. Klub rəhbərliyi Lukakunu hücum xəttində problemlərin həlli üçün əsas variantlardan biri kimi görür.
Hazırda Napolidə illik təxminən 10,25 milyon avro qazanan belçikalı futbolçuya "Fənərbaxça"nın daha yüksək – 15 milyon avro maaş təklif etməyə hazırlaşdığı bildirilir. Bu təklifin oyunçunu razı salmaq üçün əsas amil olacağı düşünülür.
32 yaşlı forvard bu mövsüm zədələr səbəbindən ciddi problemlərlə üzləşib. Ümumilikdə 34 oyunu buraxıb, cəmi 64 dəqiqə meydanda olub
"Fənərbaxça"nın transfer siyahısında digər hücumçular da yer alır:
Conatan Devid
Nikolas Cekson
Serhu Qirassi
Lukakunun fiziki vəziyyəti və uzun müddət oyun praktikasından uzaq qalması bu transferin riskli olub-olmadığı ilə bağlı müzakirələri artırır. Buna baxmayaraq, klubun ulduz futbolçu transfer etməkdə israrlı olduğu görünür.
