GƏNC HƏKİM HAQQINI TƏLƏB EDIR  – Arzu Bədəlovaya qarşı kimlər necə oyun qurdu?

Həkim-ginekoloq Bədəlova Arzu Ənvər qızı 4 yanvar 2022-ci ildə Abşeron Rayon Mərkəzi Xəstəxanasında Orucəliyeva Ayşən Eyvaz qızının doğuşunu qəbul edərkən yenidoğulmuşun ölümü (doğuşdan dərhal sonra) baş verib. Arzu həkim doğuşun gedişində hər hansı bir patoloji hal qeyd olunmadığından, ölümün səbəbinin bətndaxili patologiya ilə əlaqəli olmasını güman edərək uşağın valideynlərinə meyitin autopsiyasını təklif edib. Ailə əvvəl buna razı qalmayıb. Həm ekspertizanın şəffaf aparılacağına şübhə ilə yanaşıblar, həm də elə biliblər həkim birdən özünü təmizə çıxartmaq üçün bunu etmək istəyir. Arzu Bədəlova ekspertizanın gedişinə heç bir şəkildə müdaxilə etməyəcəyinə and içdikdən sonra uşağın valideynləri meyitin yarılmasına razılaşıblar. Doktor Bədəlova elə həmin an hadisə haqqında işlədiyi xəstəxananın rəhbərliyinə məlumat verib və Abşeron Rayon Prokurorluğunun müstəntiqi Faiq Sultanov ilə meyitin müayinəsində iştirak edib. Yenidoğulmuşun bədənində göbək ciyəsinin dolanması əlamətinin-yəni hər hansı bir stranqulyasiya izinin olmaması meyiti təşrih edən ekspert Ceyhun Allahverdiyevin diqqətini çəkib.

Təşrihdən iki gün sonra Orucəliyeva Ayşənin ailəsi həkimin yanına gəlib, ekspertiza nəticəsinin artıq onlara məlum olduğunu və ölümün onun təqsiri üzündən baş verdiyini bildiriblər. Orucəliyevlər ailəsi həmin vaxta kimi şikayətçi olmadıqları halda müstəntiq Faiq Sultanovun təhriki ilə fikirlərini birdən-birə dəyişib həkimi ittiham ediblər. Halbuki, o vaxt hələ ekspertizanın rəyi də hazır olmayıb. Qəribədir ki, Bundan müstəntiq də bu məqamı unudub. Çünki Faiq Sultanov o vaxt Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru olan Mehriban Qaralovanın təsiri aaltında hərəkət edir. Hər ikisi Arzu Bədəlovaya bu məsələ ilə bağlı təzyiqlər edib, qeyri-qanuni həll yolları təklif ediblər. Mehriban Qaralova bu işi “yoluna qoymaq” üçün Arzu Bədəlovaya pul sövdləşməsi təklif edib, amma Arzu xanım rüşvət verməyə razı olmayıb, qanun çərçivəsində özünün haqlı olduğunu sübut etmək istəyini bildirib. Bu barədə müvafiq səs qeydi də var. Bundan sonra iş daha da dolaşığa düşüb.

2022-ci ilin oktyabr ayında Arzu Bədəlovaya Cinsyət Məcəlləsinin 314.2 maddəsi ilə cinayət işi açılıb və aparılmasından xəbərdar olmadığı iki komisyon-ekspertiza rəyləri ona təqdim olunub. Rəyləri oxuduqda saxtakarlıq aşkar edib. Beləki, onu göbək ciyəsinin dölün boynuna birqat dolanması qeyd olunmuş USM nəticəsinə əsasən, düzgün doğuş taktikası seçməməklə-yəni qeysəriyyə əməliyyatı icra etməməkdə ittiham ediblər. Bu, heç bir kliniki protokola,təlimata, hər hansı bir tibbi mənbəyə əsaslanmayan bir rəydir. Göbək ciyəsinin boyun ətrafına dolanması, həm də birqat, heç bir zaman qeysəriyyə əməliyyatına göstəriş olmayıb. Bundan başqa, doğuşda iştirak edən tibbi heyət, eləcə də zərərçəkmişin özü uşaq doğularkən onda göbək ciyəsinin dolanmasının olmamasını qeyd ediblər. İttiham olunan həkimin ekspertizaların onun xəbəri olmadan aparılmasına, ekspertlər qarşısında bir mütəxəssis olaraq sual qoymaq imkanının olmamasına dair etirazları qəbul edilməyib.

Beləliklə, iş Abşeron Rayon Məhkəməsinin icraatına verildi. Hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən məhkəmə iclaslarında, doğuş prosesinin bütün şahidlərinin, eləcə də meyitin müayinəsini aparmış ekspert C.Allahverdiyevin göbək ciyəsinin dölün boynu ətrafına dolanmasının olmaması barədə ifadə verməyinə, üstəlik C.Allahverdiyevin yenidoğulmuşun ölümünün səbəbinin doğuşla bağlı deyil, bətndaxili patologiya ilə əlaqəli olması haqqında verdiyi ifadəyə baxmayaraq, müdafiə tərəfinin irəli sürdüyü təkrari ekspertizanın aparılması barədə vəsatətlər rədd edilib. Məhkəmə iclasında Arzu xanımın əleyhinə ifadə vermiş komisyon ekspertiza üzvlərindən ikisi- Cavid Cahangirli və Nəsimi Əlnağıyev bildiriblər ki, mamalıq-ginekologiya sahəsində mütəxəssis deyillər və rəyə formal olaraq imza ediblər. Digər ekspert Cəlal Hüseynzadə isə öz təxəyyülünün məhsulu olaraq bildirib ki, göbək ciyəsi dölün boynu ətrafına 4 dəfə dolanmış olduğu üçün bu doğuş riskli sayılmış və əməliyyatla başa çatdırılmalı imiş. Halbuki, cinayət işində heç bir yerdə, heç bir tibbi sənəddə göbək ciyəsinin 4 dəfə dolanması barədə yazılmayıb. Bütün bu ziddiyyətlərə baxmayaraq, Abşeron Rayon Məhkəməsi vəsatəti qəbul etməyib, A.Bədəlovanı saxta və qərəzli ekspertiza rəyi əsasında məhkum edib. Ardından Arzu Bədəlova Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edib. Abşeron Rayon Məhkəməsinin məhkəmə- iclas protokolu ilə tanış olarkən ifadələrin təhrif olunduğunu görüb, məhkəmə-iclas protokoluna qeydlər apararaq Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Seyidova təqdim edib, lakin rədd olunub. .Əsas gətirilib ki, iclas protokolu ilə videogörüntülər tutuşdurulub, guya heç bir ziddiyyət yoxdur. Belə olduqda müdafiə tərəfi o görüntüləri izləmək istədiklərini deyib və buna nail olub. Bu zaman məhkəmə iclas protokoluna verdikləri qeydlərin tamamilə həqiqətə uyğun olmasından bir daha əmin olublar. Üstəlik, maraqlı bir məqam ortaya çıxıb. Abşeron Rayon Məhkəməsi doğuşda iştirak etmiş həkim-neonatoloq Lalə Qasımovanın ifadə verdiyi məhkəmə iclasının videogörüntülərini yox edib, videokameralarda hər hansı bir texniki nasazlıq olması haqqında da arayış təqdim edə bilməyib. Bu fakt qarşısında Sumqayıt Apelyasiya Məhkəməsi qismən istintaq prosesi aparmağa məcbur olaraq Lalə Qasımovanı məhkəməyə ifadə verməyə çağırıb. Lalə Qasımova bir daha birmənalı olaraq bildirib ki, doğuş prosesini, yəni uşağın doğuş yollarından necə xaric olmasını çox aydın şəkildə müşahidə edib və görüb ki, dölün boynuna göbək ciyəsinin dolanması halı olmayıb! Buna və digər şahidlərin ifadələrinin videogörüntülərinə baxmayaraq, bu dəfə də müdafiə tərəfinin təkrari ekspertiza haqqındakı tələbi rədd edilib və Abşeron Rayon Məhkəməsinin hökmü, əsas və əlavə cəzaların hər birindən bir il azaltmaqla, qüvvədə saxlanılıb. Beləliklə də,əsassız ( belə ki, səhiyyə sistemindəki qüvvədə olan klinik protokollara əsasən göbək ciyəsi dolanması cərrahi əməliyyata göstəriş deyil) və saxta ( bütün şahid ifadələri ilə təsdiq olunur ki, bu doğuşda göbək ciyəsi dolanması halı olmayıb) ekspertiza rəyi ilə həkim-ginekoloq Arzu Bədəlova ittiham olunub.

Maraqlı məqamlardan biri odur ki, zərərçəkmiş Ayşən Orucəliyevanın həyat yoldaşı Ruslan Orucəliyev Abşeron Rayon Məhkəməsinin işi uzatmasından narazı olduğu üçün Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət etmiş və həmin şikayət aidiyyatı üzrə TƏBİB-ə göndərilmişdi. Tibbi sənədləri araşdıran TƏBİB-in doğuşayardım komissiyası doğuş taktikasının düzgün seçilməsi haqqında vətəndaşa məktub göndərmişdi. Ayşən Orucəliyeva həmin məktubu məhkəmədə təqdim etsə də, hakim onu nəzərə almayıb. Hətta zərərçəkmiş hələ birinci instansiya məhkəməsində şikayətini geri götürərək Arzu Bədəlovanın təqsirsiz olduğuna inanmasını və haqqında bəraət hökmü verilməsini xahiş edib. Amma məhkəmə hakimiyyəti bu məqamlara fikir verməyərək müxtəlif instansiyalarda qeyri-obyektiv qərarlar qəbul edib.

Mehriban Qaralova və müstəntiq Faiq Sultanovun oyununa düşmüş gənc, perspektivli həkim Arzu Bədəlova artıq 3 ildir ki, haqqını israrla tələb edərək müxtəlif dövlət orqanlarından səsinin eşidilməsini istəyir. O, savadına, bacarığına güvənərək baş vermiş ölüm hadisəsində ittiham olunmasını qəbul etməyərək məsələnin tam, hərtərəfli, obyektiv araşdırılmasını istəyir.

Biz də dövlətin, ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək istəyirik. Nəzərə alın ki, Arzu Bədəlovaya qarşı duran şər qüvvə-Mehriban Qaralovanın arxasında duran gücün kim olduğunu xatırlatmaq istəyirik. Mehriban Qaralova əmisi oğlu, sabiq baş prokuror Zakir Qaralova, atası, sabiq deputat Zahid Qaralova güvənərək Abşeronun səhiyyə sahəsində ərəbzəngilik edib. O qədər harınlayıb ki, Vətən Müharibəsinin şəhidlərinin anıldığı tədbirə al qırmızı rəngə bürünüb gəlmişdi. Budur Arzu Bədəlovaya qarşı duran Mehriban Qaralovanın mənəvi siması. Bizdən demək, nəticəni özünüz çıxardın.

Sima Baba


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki