Bu gün – 2 oktyabr Beynəlxalq Qeyri-Zorakılıq Günüdür. Dünyada sülh, dözümlülük və zorakılıqdan imtina ideyasının təbliğinə həsr olunan bu gün Mahatma Qandinin doğum günündə qeyd edilir.
BMT Baş Assambleyası 2007-ci ildə 2 oktyabrı Beynəlxalq Qeyri-Zorakılıq Günü elan edib. Məqsəd zorakılığın qarşısının alınması, sülh və anlaşma mədəniyyətinin təşviqidir.
Referans Media Sfera.az-a istinadən xəbər verir ki, qeyri-zorakılıq anlayışı yalnız müharibə və fiziki qarşıdurmaların olmaması ilə məhdudlaşmır. Ailədə fiziki və psixoloji təzyiq, iqtisadi məhdudiyyətlər, cinsi zorakılıq, təhdid, məcburetmə və digər zorakı davranışlar da bu problemin tərkib hissəsidir.
Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun fiziki, psixi, iqtisadi və cinsi zorakılığın qarşısının alınmasını, zərərçəkənlərə hüquqi, tibbi, sosial və psixoloji yardım göstərilməsini nəzərdə tutur. Azərbaycanın rəsmi statistikası problemin miqyasını göstərən ciddi rəqəmlər ortaya qoyur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 1471 nəfər zərərçəkib.
Onların 1228-i, yəni 83,5 faizi qadınlar olub. Həmin il məişət zorakılığı nəticəsində 49 nəfər həyatını itirib və ölənlərin 29-u qadın olub. 2025-ci ildə isə məişət zorakılığı ilə bağlı cinayət hadisələri üzrə 1413 zərərçəkmiş şəxs qeydə alınıb. Onlardan 1176-sı qadın olub. Eyni ildə məişət zorakılığı nəticəsində 40 qadın həyatını itirib və onların 38-i qəsdən adam öldürmə cinayətinin qurbanı olub. Bu göstəricilər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatlarında əksini tapıb. Bu rəqəmlər yalnız rəsmi qeydə alınan hallardır.
Zorakılığın əhəmiyyətli hissəsinin müraciət edilmədiyi nəzərə alınarsa, statistik rəqəmlər problemin tam miqyasını əks etdirməyə bilər. Ümumdünya Səhiyyə Təşkilatı da zorakılığın stiqma, qorxu və digər səbəblərdən az bildirildiyini qeyd edir. ÜST-nin 2023-cü il üzrə ən son qlobal hesablamalarına əsasən, 15 yaşdan yuxarı qadınların təxminən 31,6 faizi - 840 milyon qadın və qız həyatı boyunca partnyor zorakılığı və/və ya partnyor olmayan şəxsin cinsi zorakılığına məruz qalıb.
Təkcə partnyor tərəfindən fiziki və ya cinsi zorakılığa baxdıqda, münasibətdə olmuş 15 yaşdan yuxarı qadınların 24,7 faizinin belə təcrübə yaşadığı hesablanır. Daha ağır nəticələr isə öldürülmə hallarında görünür. BMT-nin UNODC və UN Women qurumlarının 2024-cü il üzrə hesablamasına görə, həmin il dünyada 50 minə yaxın qadın və qız intim partnyoru və ya ailə üzvü tərəfindən öldürülüb. Bu, il ərzində qəsdən öldürülən qadınların təxminən 60 faizidir. Başqa sözlə, 2024-cü ildə dünyada orta hesabla hər gün 137 qadın və ya qız öz partnyoru və ya ailə üzvü tərəfindən öldürülüb. Eyni göstərici üzrə 15 yaşdan yuxarı və münasibətdə olmuş qadınlar arasında son 12 ayda hazırkı və ya keçmiş intim partnyor tərəfindən fiziki və/və ya cinsi zorakılığa məruz qalma göstəricisinə baxdıqda, BMT-nin 2023-cü il məlumatlarında Azərbaycanda bu rəqəm 6,2 faiz təşkil edib.
Müqayisə üçün, həmin göstərici Gürcüstanda 1,1 faiz, Qazaxıstanda 4,1 faiz, İsveçdə 3,9 faiz, Almaniyada 4,2 faiz, ABŞ-də 6,6 faiz, Türkiyədə 11,7 faiz, Rumıniyada isə 9,8 faiz olub. Digər tərəfdən, ömürboyu partnyor zorakılığı üzrə modelləşdirilmiş göstəricidə Azərbaycan üçün 15 faiz rəqəmi göstərilir. Eyni göstərici üzrə Ermənistan 9 faiz, Avstriya 18,1 faiz, Avstraliya 20,9 faiz, Kanada 23,3 faiz, Argentina 34,8 faiz, Banqladeş 48,8 faizdir. Qeyd etmək vacibdir ki, bunlar sorğu və modelləşdirməyə əsaslanan göstəricilərdir və cinayət statistikası ilə eyni anlayış deyil.
ÜST-ün məlumatlarına görə, regionlar arasında da ciddi fərqlər mövcuddur. İntim partnyor zorakılığının ömürboyu yayılma səviyyəsi Okeaniyada 37 faiz, Saharaaltı Afrikada 32 faiz, Cənubi Asiyada isə 31 faiz ətrafındadır. ÜST bildirir ki, son 20 ildə bu göstəricinin illik orta azalma tempi cəmi 0,2 faiz olub və qlobal miqyasda problemin aradan qaldırılması istiqamətində irəliləyiş hələ də kifayət qədər yavaşdır. Maraqlı məqam ondan ibarətdir ki, qeyri-zorakılıq yalnız qadınlara qarşı zorakılığın qarşısının alınması demək deyil. Kişilər, uşaqlar, yaşlılar və digər həssas qruplar da zorakılığın qurbanına çevrilə bilər.
Azərbaycan qanunvericiliyində də məişət zorakılığının zərərçəkəni cinsindən asılı olmayaraq qorunan şəxs kimi müəyyən edilir. 2025-ci ildə Azərbaycanda məişət zorakılığının qarşısının alınması üzrə monitorinq və əlaqələndirmə mexanizmlərinin də gücləndirildiyi, əvvəlki illə müqayisədə 30 faiz daha çox mühafizə orderinin verildiyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatında qeyd olunur. 2 oktyabrın əsas mesajı da məhz bundan ibarətdir: zorakılığın qarşısının alınması yalnız hadisədən sonra cəza vermək deyil, zorakılığın baş verməsinə səbəb olan davranış və münasibətlərin dəyişdirilməsi, maarifləndirmə, erkən müdaxilə, zərərçəkənlərin müdafiəsi və cəmiyyətdə dialoq mədəniyyətinin gücləndirilməsidir.
BMT-nin 2026-cı il mesajında da qeyri-zorakı vasitələrin, dialoq və diplomatiyanın münaqişələrin həllində əhəmiyyəti vurğulanır.
