Oktyabrın 2-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın Samara vilayətinə hücum etdiyi bildirilir. Hücum zamanı bölgədə hava hücumu xəbərdarlığı elan edilib, sakinlərə sığınacaqlara getmək tövsiyə olunub. Samarada yerüstü ictimai nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.
Referans Media xəbər verir ki, yerli sakinlər şəhər və ətraf ərazilərdə partlayış səsləri eşitdiklərini bildiriblər. “Astra”nın təhlilinə görə, hücumun ehtimal olunan hədəfi “Transneft” şirkətinə məxsus Samara Xətti İstehsal və Göndərmə Stansiyası (LPDS) olub. Məlumata görə, ərazidə yanğın baş verib.
LPDS-nin 216 hektardan çox ərazini əhatə etdiyi və burada ümumi tutumu 1,6 milyon kubmetrdən çox olan 71 neft saxlama çəninin yerləşdiyi bildirilir. Stansiyada Qərbi Sibir, Tatarıstan, Orenburq vilayəti və Qazaxıstandan gələn neftin nəql olunduğu əsas boru kəmərləri birləşir.
Eyni gecə Rusiyanın Volqoqrad vilayətində də dron hücumu barədə məlumat yayılıb. Vilayət qubernatoru Andrey Boçarov pilotsuz aparatların “sənaye infrastrukturunu” hədəf aldığını bildirib. “Astra”nın məlumatına görə, Volqoqrad Neft Emalı Zavodu və “Kaustik” kimya müəssisəsinin yaxınlığında güclü yanğın qeydə alınıb.
Volqoqrad Neft Emalı Zavodu Rusiyanın iri neft emalı müəssisələrindən biridir və illik emal gücünün təxminən 14,8 milyon ton olduğu bildirilir. Yaxınlıqdakı “Kaustik” müəssisəsinin isə Rusiya hərbi-sənaye kompleksinə məhsullar tədarük etdiyi qeyd olunur.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 1-dən 2-nə keçən gecə ölkə ərazisi və ətraf akvatoriyalar üzərində 646 Ukrayna PUA-sı ələ keçirilib və məhv edilib. Nazirlik dronların 13 vilayət, Krım, həmçinin Qara və Azov dənizləri üzərində qeydə alındığını açıqlayıb. Bu rəqəmləri və obyektlərə dəyən zərərin miqyasını müstəqil şəkildə təsdiqləmək mümkün deyil.
