SON DƏQİQƏ: İstanbulda şok əməliyyat – Bələdiyyə sədri daxil olmaqla 28 nəfər saxlanıldı

Türkiyənin İstanbul şəhərində Eyüpsultan Bələdiyyəsinə qarşı aparılan araşdırma çərçivəsində əməliyyat keçirilib.

Referans Media xəbər verir ki, əməliyyat zamanı Eyüpsultan Bələdiyyəsinin sədri Mithat Bülent Özmen də daxil olmaqla 28 şübhəli saxlanılıb. Məlumata görə, şübhəlilərdən 23-ü dövlət qulluqçusudur.

Ankara Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində müəyyən edilmiş ünvanlarda eyni vaxtda əməliyyat keçirilib. Anadolu Agentliyinin məlumatına görə, barələrində saxlanılma qərarı verilən 28 şübhəlinin hamısı polis tərəfindən saxlanılıb.

Hüquq-mühafizə mənbələrinin məlumatına əsasən, araşdırma çərçivəsində şübhəlilər barəsində cinayət təşkilatına üzv olmaq, rüşvət alma, rüşvət vermə və tenderə müdaxilə etmə ilə bağlı ittihamlar irəli sürülüb. Qeyd olunan ittihamlar hazırda istintaqın predmetidir və şəxslərin təqsiri məhkəmənin yekun qərarı ilə müəyyən edilməyib.

Əməliyyat çərçivəsində Eyüpsultan Bələdiyyəsinin binasında, eləcə də mer Mithat Bülent Özmenin evində axtarış aparıldığı bildirilib. Şübhəlilərin polis bölməsindəki istintaq-prosessual tədbirləri davam edir.

Mithat Bülent Özmen kimdir?

Mithat Bülent Özmen 31 mart 2024-cü il Türkiyədə keçirilən yerli seçkilərdə CHP-dən Eyüpsultan Bələdiyyəsinə sədr seçilib.

Hazırkı əməliyyatla bağlı hüquqi prosesin davam etdiyi və araşdırmanın nəticələrinin sonrakı mərhələlərdə müəyyənləşəcəyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki