Anemiya kəskin işemik insultdan sonra həm ilk aylarda, həm də növbəti illərdə ölüm riskini əhəmiyyətli dərəcədə artırır.
Referans Media xəbər verir ki, tədqiqatları "Frontiers in Neurology" jurnalında dərc olunan alimlər bu qənaətə gəliblər.
Təhlilə orta hesabla təxminən 10 il ərzində müşahidə edilən, ilk dəfə işemik insult keçirmiş 56 884 xəstə daxil edilib. Onların 15,7 faizində yüngül, 12,2 faizində isə ağır anemiya olub. Alimlər onların yaşam göstəricilərini hemoqlobin səviyyəsi norma daxilində olan xəstələrlə müqayisə ediblər.
Ən yüksək risk ağır anemiyası olan xəstələrdə qeydə alınıb. İnsultdan sonrakı ilk 30 gün ərzində onların ölüm ehtimalı təxminən iki dəfə, bir ildən sonra 73 faiz, beş ildən sonra isə 52 faiz yüksək olub. Hətta yüngül anemiya belə yüksək ölüm riski ilə əlaqələndirilib: risk 10 ildən sonra belə 16 faiz daha yüksək olaraq qalıb.
Müəlliflər ehtimal edirlər ki, hemoqlobinin aşağı səviyyədə olması zədələnmiş beynin oksigenlə təchizatını pisləşdirə, iltihabı gücləndirə və insult ocağının ətrafındakı toxumalarda qan dövranını poza bilər. Bununla belə, tədqiqat anemiyanın birbaşa daha yüksək ölümə səbəb olduğunu sübut etmir, çünki o, digər ağır xəstəliklərin fəsadı da ola bilər../Publika.az
