İranda Silahlı Qüvvələrin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyində bir sıra dəyişikliklər edilib.
Referans Media xəbər verir ki, İranın Ali rəhbəri Müctəba Xamenei bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, SEPAH generalı Əli Abdullahi Silahlı Qüvvələrin Baş Qərargah rəisi, briqada generalı Keyumers Heydəri isə onun müavini təyin edilib.
Əhməd Vahidi general-mayor rütbəsi alaraq SEPAH-ın baş komandanı vəzifəsinə təyin olunub. Mustafa İzədi isə onun müavini olacaq. Qeyd edək ki, Vahidi martın 1-dən SEPAH komandanı vəzifəsini icra edirdi.
Bundan başqa, Əli Əzmai SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı, Hüseyn Taib isə SEPAH-ın “Bəsic” təşkilatının rəhbəri təyin edilib.
Xameneinin fərmanında “Bəsic”in fəaliyyətinin genişləndirilməsi və təşkilatın cəmiyyət daxilində təsirinin artırılması ilə bağlı tapşırıqlar da yer alıb. Sənəddə “xalq kəşfiyyat şəbəkəsinin” gücləndirilməsi, məscid mərkəzli sosial xidmətlərin inkişaf etdirilməsi və müxtəlif bölgələrdə “Bəsic” qruplarının artırılması vurğulanıb.
Fərmanda həmçinin “Bəsic” mədəniyyətinin İsrail və ABŞ-yə qarşı xalq müqavimətinin nümunəsi kimi təbliğ edilməsinin vacibliyi qeyd olunub.
Qeyd edək ki, “Bəsic” SEPAH-ın tərkibində fəaliyyət göstərən hərbiləşdirilmiş könüllü milis təşkilatıdır./Globalinfo.az
