Yeni yayımlanan hesabatlar göstərir ki, “iPhone 17 Pro Max” modelinin əsas hissələrinin maya dəyəri cihazın satış qiyməti ilə müqayisədə xeyli aşağıdır.
Referans Media xəbər verir ki, məlumata görə, smartfon 1.199 dollar başlanğıc qiyməti ilə satışa çıxarılsa da, cihazın əsas komponentlərinin ümumi dəyəri təxminən 410 dollar təşkil edir.
Hesabatda bildirilir ki, bu məbləğin böyük hissəsi prosessor (çip), kamera sistemi, modem və ekran kimi əsas texniki hissələrin payına düşür. Ümumilikdə həmin komponentlər cihazın istehsal xərclərinin təxminən 75 faizini təşkil edir.
Qalan təxminən 790 dollar isə yalnız fiziki hissələrdən ibarət deyil. Buraya cihazın yığılması, logistika, marketinq xərcləri, mağaza payları, tədqiqat və inkişaf (Ar-Ge) prosesləri, eləcə də şirkətin mənfəəti daxildir.
Ekspertlər qeyd edir ki, istifadəçilərin ödədiyi məbləğ yalnız texniki hissələrin dəyərini deyil, həm də “Apple”ın illərlə formalaşdırdığı mühəndislik yanaşmasını, dizayn strategiyasını və ekosistem üstünlüklərini əhatə edir. Məhz bu səbəbdən şirkətin məhsulları bazarda premium seqmentdə mövqeyini qoruyub saxlayır.
Bununla yanaşı, “Apple” üçün əsas gəlir mənbəyinin hələ də aparat satışları olduğu vurğulanır. Şirkət proqram təminatı və xidmətlərdən də gəlir əldə etsə də, "iPhone" satışları ümumi gəlirin əsas hissəsini formalaşdırmağa davam edir./sfera.az
