İsrail sülh planını pozacaq: ABŞ kəşfiyyatından son dəqiqə açıqlaması

ABŞ kəşfiyyatı İsrailin İranla əldə olunan razılaşmanı təhlükə altına sala biləcək addımlar ata biləcəyi barədə xəbərdarlıq edib.

“The Washington Post” nəşrinin yaydığı məlumata görə, ABŞ kəşfiyyat orqanları Tramp administrasiyasına İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtonun İranla uzunmüddətli sülh razılaşması əldə etmək səylərini poza biləcək qərarlar verə biləcəyi barədə məlumat təqdim edib.

Mənbələrin bildirdiyinə görə, İsrail ABŞ-İran memorandumu çərçivəsində nəzərdə tutulan öhdəliklərə baxmayaraq, Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatları davam etdirmək niyyətindədir.

ABŞ kəşfiyyatı hesab edir ki, bu addımlar İranla əldə olunmuş razılaşmanın gələcəyini risk altına qoya bilər.

Məlumatda qeyd olunur ki, İsrail rəhbərliyi sözügedən sazişin ölkənin təhlükəsizlik imkanlarını məhdudlaşdırdığını düşünür. Eyni zamanda, Livan istiqamətində güzəştlərin Netanyahunun seçkilər ərəfəsində siyasi mövqelərinə mənfi təsir göstərə biləcəyi vurğulanır.

Kəşfiyyat hesabatlarında Netanyahunun siyasi gələcəyinin sərt təhlükəsizlik kursunu davam etdirməsindən və İsrail ordusunun Livandakı fəaliyyətini qorumasından asılı olduğu da qeyd edilir./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki