Kəndlərdə təhsillə bağlı yeni qərar: şagirdləri nə gözləyir?

Azərbaycanda azşagirdli məktəblərin daha böyük təhsil müəssisələrinə birləşdirilməsi prosesi davam edir.

Referans Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Trend, Xəzər televiziyası və APA-ya müsahibəsində deyib.

Bildirib ki, bu addım həm təhsilin keyfiyyətinin artırılmasına, həm də maliyyə səmərəliliyinin təmin olunmasına xidmət edir.

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən 4 mindən çox məktəbin 40 faizində, yəni təxminən 1600 məktəbdə şagirdlərin cəmi 4 faizi təhsil alır.

“Bu, məktəblərin yerləşmə coğrafiyasının nə qədər qeyri-proporsional olduğunu göstərir. Məktəb nə qədər kiçikdirsə, bir şagirdə sərf olunan dövlət vəsaiti də bir o qədər çox olur”, – deyə o vurğulayıb.

Nazir qeyd edib ki, kiçik məktəblərdə təhsilin keyfiyyəti də arzuolunan səviyyədə deyil:

“Azərbaycanda 1600 kiçik məktəb var ki, bu məktəblərdə fiziki və nəzəri təlimin təşkili qeyri-mümkündür. Hazırda təhsilin keyfiyyətini və maliyyə səmərəliliyini təmin etmək üçün kiçik məktəblərin daha böyük məktəblərə daşınma yolu ilə rasionallaşdırılması prosesi həyata keçirilir”.

Emin Əmrullayev vurğulayıb ki, bu proses nəticəsində dövlət büdcəsinə qənaət olunur və əldə edilən vəsait müəllimlərin əməkhaqlarının artırılmasına, eləcə də təhsil sahəsində yeni islahat və innovasiyaların tətbiqinə yönəldilir. Onun sözlərinə görə, şagirdlərin böyük məktəblərə daşınması onların həm sosial mühitinin, həm də təhsil imkanlarının yaxşılaşmasına şərait yaradır:

“Şagirdi bir nöqtədən başqa bir nöqtəyə aparmaq həm onun üçün, həm də bunu həyata keçirən insanlar üçün çətindir. Amma əldə etdiyimiz fayda bu prosesdən doğan mənfi nəticələrlə müqayisədə dəfələrlə çoxdur”.

Bununla yanaşı, məktəblərə daşınma probleminin həlli üçün alternativ üsullar da nəzərdən keçirilir. Bildirilib ki, bu il bir neçə bölgədə azşagirdli məktəblərdə distant tədris sınaqdan keçirilib və ilkin nəticələr müsbət olub.

“Daha keyfiyyətli müəllimin distant üsulla bir neçə kiçik kənddə olan şagirdə dərs deməsi nəticə verir. İnanırıq ki, bu alətdən növbəti illərdə daha geniş istifadə ediləcək və bu halda şagirdi daşımaq zərurəti yaranmayacaq”, – deyə o əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki