2026-cı ilin mayın 1-nə olan məlumata görə, Azərbaycanda manatın dövretmə sürəti 2,96 bənd təşkil edib.
Referans Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,01 bənd, ilin əvvəli ilə müqayisədə 0,24 bənd, ötən ilin mayın 1-nə nisbətən isə 0,37 bənd azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 21 il ərzində ən aşağı həddi devalvasiya ərəfəsində, 2015-ci ilin yanvarında qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
Maliyyə-bank eksperti Əkrəm Həsənov Bakupost.az-a bildirib ki, manatın dövretmə sürəti bir manatın müəyyən dövr ərzində neçə dəfə istifadə olunmasının göstəricisidir:
“Məsələn, dövretmə sürəti üçdürsə, deməli, hər bir manat 3 dəfə istifadə olunub. Bu həm də iqtisadi aktivliyin göstəricisi sayılır. Manatın dövretmə sürəti azalıbsa, deməli, iqtisadi aktivlik də azalıb”.
Onun fikrincə, belə vəziyyət iqtisadi böhranla bağlıdır:
“İnsanlar az xərcləyir, onların pulları azalıb, olan pullarını daha çox ehtiyat kimi saxlamağa üstünlük verirlər. Əhalinin sabaha olan əminliyi də azalıb”.
Amma bununla belə ekspert hesab etmir ki, manatın dövretmə sürətinin azalması növbəti devalvasiyaya səbəb olacaq:
“2015-ci ildə problem başqa idi. Həmin dövr ərəfəsində devalvasiya tüğyan edirdi. Neftin qiyməti kəskin düşmüşdü, ölkəyə valyuta az gəlirdi və belədə manata təzyiq artmışdı. İnsanlar manatı dollara dəyişirdi. Yəni manat az dövr edirdi və sürət də həmin ildə məhz buna görə azalmışdı. İndi isə neftin qiyməti yüksəkdir”.
Ə.Həsənovun sözlərinə görə, manatın dövretmə sürətinin azalması inflyasiyanı da azaldır.
