Uzun illərdir dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan məşhur türkiyəli müğənni Serdar Ortaç səhhəti ilə bağlı açıqlama verib.
Referans Media xəbər verir ki, artan ağrıları və hərəkət məhdudiyyəti səbəbindən 30 gün xəstəxanada müalicə aldığını bildirən Serdar Ortaç son görüntüləri ilə pərəstişkarlarını narahat edib.
Yeni klipinin çəkilişləri zamanı ayaqda durmaqda çətinlik çəkən sənətçi çəkilişləri kresloda oturaraq tamamlayıb.
Serdar Ortaç səhhəti barədə danışarkən bildirib: "Ayaqlarım çox pis vəziyyətdədir. Xəstəxanada 30 gün qaldım. Hələ də ayaq üstə çox durmamaq üçün otururam. Artıq öhdəsindən gəlmək üzrəyəm, 3-5 gün qalıb."
Serdar Ortaç daha əvvəl mahnılarının gələcəyi ilə bağlı narahatlığını ifadə edərək, əsərlərinin yaşadılmasını istədiyini açıqlamışdı.
Müğənni həmçinin vəfatından sonra mirası ilə bağlı qərar verdiyini bildirib. Onun sözlərinə görə, 40 milyon TL dəyərindəki evinin satışından əldə olunacaq gəlirin bir hissəsi qardaşlarına, işçilərinə və orkestr üzvlərinə veriləcək, qalan hissənin isə Mehmetçik Vəqfi və şəhid ailələrinə bağışlanması nəzərdə tutulur.
Serdar Ortaçın səhhəti ilə bağlı açıqlaması sosial şəbəkələrdə geniş müzakirə olunub.
