NATO Rusiya ilə əlaqəli olduğu ehtimal edilən təxribatlar və digər insidentlər dalğasına cavab kimi kəşfiyyat məlumatlarının mübadiləsini artırır.
Referans Media xəbər verir ki, bu barədə "Reuters" agentliyinə NATO-nun Avropadakı qüvvələrinin komandanı, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Aleksus Qrinkeviç bildirib.
Onun sözlərinə görə, alyans sakitliyini qorumalı və Moskvanın yarada biləcəyi istənilən təhlükənin öhdəsindən gəlmək qabiliyyətinə əmin olmalıdır.
Qrinkeviçin bu açıqlaması Danimarka Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin yaxın aylarda Rusiyanın Qərbə qarşı hibrid müharibəni gücləndirə biləcəyi barədə xəbərdarlığından sonra səslənib.
"Bu, narahatlıq doğurur", - Qrinkeviç Almaniyanın Leypsiq/Halle Hava Limanına pilotsuz uçuş aparatı ilə hücum cəhdi və Rusiya gəmisi tərəfindən Danimarka hərbi helikopteri istiqamətində siqnal raketlərinin atılması da daxil olmaqla, son həftələrdə baş verən bir sıra insidentləri şərh edərkən bildirib.
"Lakin biz sakitliyi qorumalı və tarixin ən qüdrətli alyansı olaraq bu sahədəki riskləri idarə etmək üçün bütün zəruri alət və mexanizmlərə sahib olduğumuza əmin olmalıyıq", - o əlavə edib./Publika.az
