İsrailin Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etmək üçün tribunaya qalxarkən çoxsaylı ölkələrin nümayəndə heyətləri etiraz olaraq salonu tərk edib.
Referans MEDİA xəbər verir ki, Netanyahu Baş Assambleyanın iclas salonuna daxil olaraq tribunaya yönəlib. Onun çıxışına başlamasından sonra bir sıra ölkələrin nümayəndələri ayağa qalxaraq salonu tərk ediblər.
Məlumata görə, nümayəndələrin bu addımı İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlara, atəşkəsə baxmayaraq davam edən hücumlara, işğal altındakı İordan çayının qərb sahilində torpaqların mənimsənilməsi ilə bağlı siyasətinə, həmçinin Suriya və Livana qarşı hücumlarına etiraz məqsədi daşıyıb.
Nümayəndələr zalı tərk edərkən etiraz səsləri eşidilib, Netanyahu isə fitə basılıb və yuhalanıb. Çoxsaylı nümayəndə heyətinin salonu tərk etməsindən sonra İsrailin baş naziri demək olar ki, boş qalan zalda çıxışını davam etdirib.
Netanyahu çıxışı zamanı İranın nüvə obyektlərinə qarşı həyata keçirilən əməliyyata da toxunub.
“İranın nüvə obyektlərini məhv etmək çox çətin idi, amma mənim üçün verdiyim ən asan qərarlardan biri oldu”, – deyə Netanyahu bildirib.
Beləliklə, Netanyahu 7 oktyabr 2023-cü ildən etibarən BMT Baş Assambleyasında üçüncü dəfə etirazla qarşılaşıb.
Netanyahunun BMT-də çıxışı zamanı Nyu-Yorkda, BMT-nin Baş Qərargahının yaxınlığında da İsrail əleyhinə etiraz aksiyası keçirilib.
Nümayişçilər İsrailin hərbi əməliyyatlarına etiraz edərək “İsraili silahlandırmağa son qoyun, Qəzzanın yaşamasına imkan verin” şüarları səsləndirib.
Aksiya iştirakçılarının əllərində “Soyqırıma son qoyun” və “İnsanları maliyyələşdirin, müharibəni yox” yazılmış plakatlar da olub.
