“Santos”un ulduz hücumçusu Neymar Braziliya klubu ilə yeni müqavilə imzalamağa razılıq verib.
Referans Media xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano sosial mediada məlumat verib.
Mənbənin məlumatına görə, 33 yaşlı cinah oyunçusu ən azı 2026-cı ilin dekabr ayına qədər klubda qalacaq.
33 yaşlı futbolçunun Braziliya klubu ilə hazırkı müqaviləsi 31 dekabr 2025-ci ilə qədər idi. Bu mövsüm o, klubun heyətində Braziliya liqasında 20 oyunda iştirak edib, səkkiz qol vurub və iki məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, hücumçunun transfer dəyəri 10 milyon avrodur.























