Özbəkistan və ABŞ 12 milyard dollar dəyərində müqavilələr imzaladılar

Səmərqənddə keçirilən ABŞ-Özbəkistan Biznes və İnvestisiya Şurasının iclasından sonra iki ölkənin biznes icmalarının nümayəndələri 12 milyard dollar dəyərində müqavilələr imzalayıblar.

Referans Media xəbər verir ki, bu barədə Özbəkistan İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat verib.

Amerika nümayəndə heyətinin Özbəkistana səfəri zamanı keçirilən işgüzar tədbirlər çərçivəsində ticarət, investisiya və texnoloji əməkdaşlıq sahələrində 54 sazişdən ibarət paket imzalanıb.

Qeyd olunur ki, əldə edilən razılaşmalar Özbəkistanın sənaye, nəqliyyat və enerji infrastrukturunun modernləşdirilməsinə, vacib mineral ehtiyatlarının işlənməsinə və maliyyə sektorunun, rəqəmsal texnologiyaların, kənd təsərrüfatının, səhiyyənin və təhsilin inkişafına yönəlib.

Xüsusilə, nəqliyyat sektorunda Özbəkistanın "GE Aerospace" ilə əməkdaşlığı "Uzbekistan Airways" üçün yeni təyyarə mühərriklərinin tədarükünü əhatə edir, "Wabtec" ilə təşəbbüslər isə dəmir yolu avadanlıqları və komponentlərinin lokallaşdırılmasına yönəlib.

"Franklin Templeton", "Oppenheimer & Co., Citigroup" və "BlackRock" kimi şirkətlərlə bağlanan müqavilələr milli şirkətlərə beynəlxalq kapital bazarlarına çıxış imkanı verəcək, institusional investorları cəlb edəcək və infrastruktur təşəbbüsləri üçün maliyyələşdirmə təmin edəcək.

"ReElement Technologies", "Traxys" və "Trafigura" ilə bağlanan mədən müqavilələri və əməkdaşlıqlar yeni yataqların işlənməsi, texnoloji əməkdaşlığa və mineral ehtiyatların tədarükünə yönəlib. Bu müqavilələr bağlanarkən, kritik minerallar üzrə milli təcrübənin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib./Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki