Pakistanın Hayber Paxtunxva əyalətində polis məntəqəsinə silahlı hücum edilib. Hücum nəticəsində 9 polis əməkdaşı həyatını itirib, 28-i isə yaralanıb. Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı 15 silahlı şəxsin zərərsizləşdirildiyi bildirilib.
Referans Media xəbər verir ki, hadisə Hayber Paxtunxvanın Hanqu bölgəsindəki polis nəzarət məntəqəsində baş verib. Hücumun Pakistan Talibanı (TTP) tərəfindən təşkil edildiyi açıqlanıb.
Məlumata görə, silahlı şəxslərin polis məntəqəsinə hücumundan sonra təhlükəsizlik qüvvələri cavab tədbirləri həyata keçirib. Qarşıdurma nəticəsində 15 silahlı şəxs zərərsizləşdirilib. Hücum zamanı 9 polis əməkdaşı həlak olub, 28 polis isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisənin ardından bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və hücumun bütün detallarının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Pakistanın xüsusilə Əfqanıstanla sərhəddə yerləşən Hayber Paxtunxva və Bəlucistan əyalətlərində silahlı hücumlar son illərdə ciddi təhlükəsizlik problemi olaraq qalır.
Bu ərazilərdə fəaliyyət göstərən silahlı qruplar təhlükəsizlik qüvvələrini və mülki şəxsləri hədəfə alan hücumlar həyata keçirirlər.
Pakistan hökuməti Pakistan Talibanının (TTP) Əfqanıstan ərazisində mövqeləndiyini və hücumları buradan təşkil etdiyini iddia edir. Əfqanıstan hakimiyyəti isə bu ittihamları rədd edir.
Bəlucistanda isə Bəlucistan Azadlıq Ordusunun (BLA) silahlı fəaliyyətləri ön plana çıxır. Qrup Bəlucistanın Pakistandan ayrılmasını və bölgənin bəluclar tərəfindən idarə olunmasını tələb edir.
Son hücum isə ölkədə təhlükəsizlik qüvvələrinin qarşılaşdığı risklərin hələ də yüksək olduğunu göstərib.
