Prezident MÜHÜM tapşırıqlar VERDİ: Azərbaycanın ərzaq xəritəsi dəyişir – yeni dövlət planı təsdiqləndi

Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair yeni Dövlət Proqramının təsdiqlənməsi aqrar sektorda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, subsidiyalar, güzəştli kreditlər, rəqəmsal nəzarət mexanizmləri və yeni təsərrüfatların yaradılması yerli istehsalın artırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm rol oynaya bilər.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, yeni Dövlət Proqramı aqrar sektor üçün mühüm dönüş nöqtəsi ola bilər.

Onun sözlərinə görə, hazırda ölkə qarşısında duran əsas məsələlərdən biri ərzaq təhlükəsizliyinin gücləndirilməsi, yerli istehsalın artırılması və idxaldan asılılığın azaldılmasıdır:

“Əgər proqram çərçivəsində nəzərdə tutulan subsidiya mexanizmləri, güzəştli kreditlər və yeni təsərrüfatların yaradılması düzgün idarəetmə prinsipləri əsasında həyata keçirilərsə, kənd təsərrüfatında real nəticələr əldə etmək mümkündür. Burada əsas məsələ yalnız maliyyə dəstəyi deyil, həm də texnologiyanın tətbiqi, məhsuldarlığın artırılması və effektiv nəzarət sisteminin qurulmasıdır”.

İqtisadçı xüsusilə rəqəmsal nəzarət mexanizmlərinin tətbiqini vacib hesab etdiyini vurğulayıb:

“Aqrar sektorda uzun illərdir resursların qeyri-effektiv istifadəsi, bəzi hallarda subsidiya bölgüsündə şəffaflıq problemləri və statistik uyğunsuzluqlar müşahidə olunur. Rəqəmsal idarəetmə sistemi dövlət dəstəyinin birbaşa real istehsalçıya çatdırılmasına və məhsuldarlığın daha dəqiq qiymətləndirilməsinə imkan verə bilər”.

Asif İbrahimov qeyd edib ki, balıqçılıq və akvakultura istiqaməti strateji sahələrdən biridir:

“Mən Azərbaycanın ən böyük akvakultura təsərrüfatlarından birində konsultant kimi fəaliyyət göstərdiyim dövrdə bu sahənin problemlərini yaxından müşahidə etmişəm. Xüsusilə yem təminatı, texnoloji avadanlıqların yüksək maya dəyəri, su idarəetməsi, logistika və ixtisaslı kadr çatışmazlığı sektorun inkişafını məhdudlaşdıran əsas amillərdəndir”.

Ekspert bildirib ki, Azərbaycanın su resursları və coğrafi imkanları bu sahənin inkişafı üçün kifayət qədər potensial yaradır:

“Akvakulturanın inkişafı həm daxili bazarda balıq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə, həm də gələcəkdə ixrac imkanlarının formalaşmasına şərait yarada bilər”.

O əlavə edib ki, akvakultura sahəsində ixrac imkanlarının genişlənməsi üçün beynəlxalq sertifikatlaşdırma mühüm şərtlərdən biridir:

“Bu sahədə ciddi problemlərdən biri ixrac üçün beynəlxalq sertifikatlaşdırma tələbləridir. Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən təsərrüfat subyektlərinin özlərində ciddi problemlər var. Həm kadr çatışmazlığı mövcuddur, həm də maarifləndirməyə ciddi ehtiyac duyulur”.

İqtisadçının fikrincə, dövlət proqramlarında bu məsələlər nəzərə alınsa da, detallı mexanizmlər tam şəkildə əksini tapmayıb:

“Bu istiqamətdə məsələlər nəzərə alınır, amma detallı şəkildə göstərilməyib. Konkret olaraq hansı addımların necə və hansı formada həyata keçiriləcəyi daha geniş şəkildə müəyyən edilməlidir”.

Asif İbrahimov hesab edir ki, proqramın uğuru ayrılan vəsaitdən daha çox onun necə idarə olunacağından asılı olacaq:

“Əsas məqsəd fermeri sadəcə subsidiya alan şəxs deyil, müasir texnologiyadan istifadə edən rəqabətqabiliyyətli sahibkara çevirməkdir. Əgər idarəetmə, logistika, emal sənayesi və bazara çıxış imkanları paralel şəkildə inkişaf etdirilərsə, Azərbaycan aqrar sektorunda uzunmüddətli və sistemli dəyişikliklər mümkündür”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki