"Qalatasaray"da yeni mövsüm üçün transfer planlamaları davam edərkən gündəmə diqqətçəkən bir iddia gəlib.
Referans Media xəbər verir ki, “Sözcü” nəşrinin məlumatına görə, "Qalatasaray" baş məşqçisi Okan Buruk İspaniyanın "Mayorka" klubunda çıxış edən Vedat Muriqi ilə telefon danışığı aparıb.
Məlumata görə, təcrübəli çalışdırıcı Kosovolu hücumçunu komandasına cəlb etmək istəyir və onun oyun üslubunu yüksək qiymətləndirir.
Bildirilir ki, Vedat Muriqi Türkiyəyə dönüş ideyasına müsbət yanaşır. 32 yaşlı futbolçunun yenidən Süper Liqada oynama ehtimalı gündəmdədir.
Okan Buruk və Vedat Muriqi daha əvvəl "Çaykur Rizespor"da birlikdə çalışıblar. Bu əməkdaşlıq dövründə futbolçunun performansı diqqət çəkmişdi.
Muriqi 2019–2020 mövsümündə "Fənərbaxça" forması ilə 36 oyunda 17 qol və 7 asistlik göstəriciyə imza atmışdı.
İddialara görə, "Qalatasaray" rəhbərliyi yaxın günlərdə transferlə bağlı rəsmi addımlar ata bilər. Hücum xəttində planlaşdırılan dəyişikliklərdə Mauro İkardinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik də bu prosesi sürətləndirən amillərdən biri kimi göstərilir.
