Şimali Makedoniya millisinin baş məşqçisi Goçe Sedloski Türkiyə yığmasına 0:4 hesablı məğlubiyyətdən sonra rəqib komanda haqqında xoş sözlər səsləndirib.
Referans Media xəbər verir ki, təcrübəli mütəxəssis Türkiyə millisinin həm komanda, həm də fərdi oyunçu baxımından çox güclü olduğunu bildirib.
Matçdan sonra keçirilən mətbuat konfransında danışan Sedloski Türkiyəni qələbə münasibətilə təbrik edib:
“Türkiyə qələbəyə layiq idi. Çox yaxşı milli komandaya və möhtəşəm futbolçulara sahibdirlər. Məsuliyyət tamamilə mənim üzərimdədir. Son oyunlarda futbolçularımın nələr edə biləcəyini görməyə çalışdım. Belə görüşlər bizə hələ çox şey öyrənməli olduğumuzu göstərir”.
Şimali Makedoniya millisinin çalışdırıcısı komandasının son dörd oyunda qol vura bilməməsinə də münasibət bildirib. O qeyd edib ki, komandada yeni futbolçular yer alır və onlar tətbiq olunan taktiki sistemi hələ mənimsəmə mərhələsindədirlər.
“Futbolçular yeni taktikaya uyğunlaşmağa çalışırlar. Müxtəlif variantlar sınayırıq. Qol vura bilməməyimiz məyusedicidir, lakin oyunçular arasında daha yaxşı anlaşma formalaşdırmaq üçün çalışırıq”, – deyə Sedloski vurğulayıb.
Baş məşqçi müdafiə xəttində ciddi problemlərin olduğunu da etiraf edib və bu çatışmazlıqların aradan qaldırılması üçün işlərin davam etdiriləcəyini bildirib.
