Rusiya diplomatı: Kiyev və Qərb Rusiyaya qarşı ittihamları "məxfilik" adı altında gizlədir

Kiyev və onu dəstəkləyən Qərb ölkələri Rusiyaya qarşı irəli sürülən ittihamlarla bağlı sübut təqdim etməkdən yayınaraq "strateji qeyri-müəyyənlik" mühiti yaradır.

Referans Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar səfiri Rodion Miroşnik TASS agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi üç ildən artıqdır ki, müxtəlif hadisələrlə bağlı rəsmi məlumat tələb etsə də, cavab olaraq yalnız "məxfilik" əsas gətirilir.

"Üç ildir suallarımıza cavab vermirlər. Məsələn, Buçada həlak olanların siyahısını istəyirik, cavab verirlər ki, bu məxfidir. BMT Baş katibinin Ofisi də bunu 'yüksək məxfi məlumat' adlandırır. Halbuki indiyədək bu məlumatları təsdiqləyən heç bir rəsmi sənəd təqdim olunmayıb", – deyə Miroşnik bildirib.

Diplomatın sözlərinə görə, müstəqil ekspertizaların aparılacağı ilə bağlı verilən vədlər də nəticəsiz qalıb və indiyədək heç bir qurum yoxlanıla bilən sübutlar təqdim etməyib.

Miroşnik iddia edib ki, Rusiyaya verilən qeyri-müəyyən cavablar "strateji qeyri-müəyyənlik" yaradır və bu vəziyyət dezinformasiya, manipulyasiya və əsassız ittihamların yayılması üçün əlverişli şərait formalaşdırır.

Qeyd edək ki, bu açıqlamalar Rusiya rəsmisinin mövqeyini əks etdirir. Ukrayna, BMT və Qərb ölkələri Buça və digər hadisələrlə bağlı Rusiyaya qarşı irəli sürdükləri ittihamları qəbul edir, Moskva isə bu ittihamları rədd edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki