"Şapka Mamed"in 100 milyonluq kredit oyunu – Hüquqşünası HƏR ŞEYİ danışdı

Xəbər verdiyimiz kimi Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin yaxınları Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar.
Əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olan Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıb.

İlkin ittihama görə, Məmməd Musayevin yaxın ətrafına daxil olan şirkət rəhbərləri kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit alıblar. Lakin araşdırma zamanı müəyyən edilib ki, həmin vəsaitlər təyinatı üzrə istifadə olunmayıb, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi ehtiyaclara sərf edilib.

Uzun illər Məmməd Musayevin rəhbərlik etdiyi qurumlara müqavilə əsasında hüquqi xidmət göstərmiş Elçin Nadirov Musavat.com-a dövlət vəsaitlərinin necə payi-mal edilməsinin detallarını açıqlayıb. Elçin Nadirov söhbət zamanı Məmməd Musayevin bank fəaliyyəti, maliyyə əməliyyatları, dövlət vəsaitlərinin idarə olunması, qohumbazlıq və şəxsi münasibətlər barədə təfərrüatlara toxunub. Elçin Nadirovun verdiyi konkret faktlar və açıqlamalar, özünü kasıb və imkansız kimi qələmə verən, əslində isə az qala milyardlıq daşınmaz əmlak imperiyasına rəhbərlik edən şəbəkə başçısı Məmməd Musayevin iç üzünü bütün təfərrüatı ilə ortaya qoyur.

Onun sözlərinə görə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) sədri və "Turanbank"ın əsas payçısı Məmməd Musayevin maliyyə manipulyasiyaları hələ 1990-cı illərin əvvəllərinə dayanır:
Məmməd Musayevi yaxından tanıyan Elmin Nadirov onun “Şapka Mamed” ləqəbinin arxasında duran konkret mexanizmi açıqlayıb: “Məmməd Musayev yeganə şəxsdir ki, özünün rəhbərlik etdiyi bankdan pulları rüşvətlə verdi. Pulların geri qayıtmayacağını qabaqcadan bilə-bilə onları sahibkarlara və ya istehlakçılara yüksək faizlə kredit kimi ayırırdı. Kredit ayrılan zaman vəsaitin 50 faizə qədərini "şapka" adı altında qabaqcadan nağd rüşvət kimi alırdı. Bankın pulları batdığı halda, bu nağd kəsintilər hesabına şəxsi sərvət toplayıb. Adı da elə ordan “şapka Mamed” qalıb.
Elçin Nadirov bildirib ki, Məmməd Musayevin fəaliyyətində ən diqqətçəkən məqamlardan biri onun zahirən köhnə, təmir olunmamış kabinetdə oturan kasıb məmur obrazı yaratması, arxa fonda isə nəhəng tikinti və əmlak şəbəkəsinə rəhbərlik etməsidir.

Elçin Nadirovun bildirdiyinə görə, bu mexanizmlə toplanan vəsaitlər nəhəng daşınmaz əmlak aktivlərinə yönəldilib: “Bakıda Hüseyn Cavid prospektində (Elmlər Akademiyası metrosu ətrafı) ucaldılan binalar, Dövlət Gömrük Komitəsinin yanında yerləşən 22 mərtəbəli yaşayış binası, eləcə də Azadlıq prospektində (keçmiş "Turac" restoranı və Neftçi bazasının ərazisi) sökülərək yerində tikilən çoxmərtəbəli binalar Məmməd Musayevin nəzarətində olub.
Bundan başqa, Türkiyədə və Çexiyanın Karlovı Varı şəhərində böyük həcmli daşınmaz əmlak və tikinti sahələri əldə edilib. Bütün bunların maliyyə mənbəyi kimi dövlət başçısının sahibkarlara və aqrar sektora dəstək üçün ayırdığı ucuz vəsaitlər - o cümlədən Sumqayıtdan Qusara qədər 6-7 rayonu əhatə etməli olan 100 milyon manatlıq güzəştli kredit resurslarıdır.

Məmməd Musayev başına topladığı qohum-qardaşının adına həmin pulları güzəştli kredit olaraq ötürüb və sonradan həmin pulları “Turanbank” üzərindən yüksək faizlə kreditə verib. Bank sektorundakı tənzimləmələrə baxmayaraq, Məmməd Musayevin nəzarətindəki "Turanbank" və "Azər-Türk Bank" uzun illər sanksiyalardan kənarda qalıb. Bankların nizamnamə kapitalı tələbləri mərhələli şəkildə 25 milyon, 50 milyon və 100 milyon manata qaldırıldığı halda, "Turanbank" bu tələblərə cavab verməyib. Amma Məmməd Musayevə buna görə sanksiya tətbiq olunmayıb. Patronajlıq hesabına banka qarşı heç bir tədbir görülməyib.

Oxşar manipulyasiya "Azər-Türk Bank"da da baş verib. 48 faizi dövlətə, 48 faizi Türkiyənin "Ziraat Bankı"na məxsus olan bu bankın idarəetməsi Məmməd Musayevdə olub. O, özünə məxsus "Turanbank"ın Bakı və Almaniya filiallarını qanunsuz olaraq bu struktura daxil edərək 2016-2017-ci illərə qədər mənfəət və dividendləri mənimsəyib. Bank sonradan Dövlət Əmlak Komitəsinə, Maliyyə Nazirliyinə və nəhayət Azərbaycan İnvestisiya Holdinqinə təhvil verilərək xilas edilib.

Elçin Nadirov | Report.az

Elçin Nadirovun sözlərinə görə şəbəkənin uzun illər toxunulmaz qalmasını təmin edən inzibati, ailə və regional klan əlaqələri mövcud olub. Proteksionist zəncirdə keçmiş dövlət müşaviri Vahid Axundov və Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov yer alıb. Ən mühüm halqalardan biri isə Elman Rüstəmovun rəhbərliyi dövründə Mərkəzi Bankın Bank fəaliyyətinə nəzarət departamentinin rəisi işləmiş, Məmməd Musayevin kürəkəni Rəşad Orucov olub. Məhz Rəşad Orucovun himayəsi sayəsində "Turanbank"ın kapital çatışmazlıqlarına, bankdakı özbaşınalıqlara göz yumulub.

Şəbəkə daxilində Musayev familiyalı qohumlar əsas yer tutub. İcraçı strukturlarda Məmməd Musayevin hazırda həbsdə olan qayını Yaşar Qurbanov, qardaşı oğlu Tofiq Musayev və digər yaxın qohumları fəaliyyət göstərib”.
Elçin Nadirov deyir ki, 2009-cu ildə sabiq vergilər naziri Fazil Məmmədovun tapşırığı ilə Ələkbər Məmmədovun yerinə Azərbaycan Sahibkarlar Konfederasiyasına gətirilən Məmməd Musayev, 10 mindən çox sahibkarlıq subyektini təmsil etməsinə baxmayaraq, bu postda heç bir qanunvericilik və ya inkişaf təşəbbüsü göstərməyib. Elçin Nadirovun sözlərinə görə, Məmməd Musayev şəxsi söhbətlərində "Məni bura işləməyə qoymayıblar" deyərək, yalnız İqtisadiyyat Nazirliyi, AZPROMO və ya xarici biznes forumlarında görünməklə kifayətlənib. Bununla yanaşı, 2015-ci ildə Beynəlxalq Bankın toksik kreditlərinin sağlamlaşdırılması zamanı türk iş adamından alınan Nizami küçəsindəki köhnə "Dəyirman Plaza"nın 3 mərtəbəsi Məmməd Musayev tərəfindən şəxsi ofisə çevrilib və sahibkarların üzvlük haqları hesabına saxlanılır.

Xatırladaq ki, “şapka Mamed”in həbs olunan yaxın adamlarına xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham verilib, məhkəmənin qərarı ilə hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır.
İstintaq materiallarına əsasən, indi həbs edilən şəxslər Məmməd Musayevlə əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törədiblər. Tutulanlardan Tofiq Musayev onun qardaşı oğludur, Fazil Rüstəmov isə Musayevin müavini işləyib.

Qeyd edək ki, “Aqrarkredit” QSC (Bank olmayan kredit təşkilatı) səhmləri tamamilə dövlətə məxsus olan maliyyə qurumudur. QSC-nin əsas məqsədi sahibkarlıq subyektlərinin, xüsusilə regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və güzəştli kreditlərin verilməsidir. “Aqrarkredit”in 2001-ci ildən 2025-ci ilə kimi rəhbəri Məmməd Musayev olub. Sahil Babayev maliyyə naziri təyin ediləndən bir müddət sonra o, QSC-dən kənarlaşdırılıb.
Mövzuya qayıdacağıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki