Telefonunuza belə zəng gəlsə, DƏRHAL SÖNDÜRÜN! – Bakıda yeni qorxulu dələduzluq üsulu yayıldı

Süni intellekt texnologiyalarının sürətli inkişafı həyatın bir çox sahəsində imkanlar yaratsa da, kibercinayətkarlar da bu yeniliklərdən öz məqsədləri üçün istifadə etməyə başlayıblar. Son dövrlərdə insanların səs və görüntülərinin saxtalaşdırılaraq maliyyə dələduzluğunda istifadə edilməsi ilə bağlı xəbərlər artmaqdadır. Bəs bu təhlükə nə dərəcədə realdır və vətəndaşlar özlərini necə qoruya bilərlər?

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən İT mütəxəssisi Kamran Əsədullayev bildirib ki, bu cür kiberdələduzluq halları artıq nəzəri ehtimal deyil, real təhlükə hesab olunur.

Onun sözlərinə görə, süni intellekt texnologiyalarının inkişafı nəticəsində dələduzlar qısa bir səs yazısından və ya videodan istifadə edərək şəxsin səsini və görüntüsünü təqlid edən saxta audio və videolar (deepfake) hazırlaya bilirlər.

“Bu materiallar vasitəsilə yaxın qohumlardan pul istənilməsi, şirkət əməkdaşlarına saxta göstərişlərin verilməsi və ya müxtəlif sosial mühəndislik üsulları ilə maliyyə məlumatlarının əldə edilməsi kimi hallara rast gəlinir”, – deyə o qeyd edib.

İT mütəxəssisi vurğulayıb ki, yalnız səsin və ya görüntünün əldə olunması adətən bank hesabına birbaşa giriş üçün kifayət etmir.

“Banklar əlavə təhlükəsizlik mexanizmlərindən – SMS təsdiqi, mobil tətbiq bildirişləri, biometrik yoxlama və digər autentifikasiya vasitələrindən istifadə edirlər. Buna baxmayaraq, dələduzlar insanları aldadaraq bu məlumatları könüllü şəkildə əldə etməyə çalışırlar”, – deyə K.Əsədullayev bildirib.

Ekspertin sözlərinə görə, hüquqi baxımdan belə əməllər dələduzluq, şəxsi məlumatların qanunsuz əldə edilməsi və istifadəsi, kompüter sistemlərinə qanunsuz müdaxilə kimi qiymətləndirilə bilər.

“Əgər süni intellekt vasitəsilə hazırlanmış saxta materiallardan istifadə etməklə maddi zərər vurulubsa, bu, cinayət məsuliyyəti yaradır və cəza tədbirləri tətbiq oluna bilər”, – deyə o əlavə edib.

Kamran Əsədullayev vətəndaşlara özlərini qorumaq üçün bir sıra tədbirlər görməyi tövsiyə edib:

Telefonla və ya videozəng zamanı maliyyə məlumatlarını paylaşmamaq;
Bank kartının CVV kodunu, SMS təsdiq kodlarını və şifrələri heç kimə verməmək;
Qohum və ya tanış adından pul istənildikdə, həmin şəxslə başqa rabitə vasitəsi ilə əlaqə saxlayaraq məlumatı dəqiqləşdirmək;
Sosial şəbəkələrdə şəxsi səs və video materialların paylaşılmasına diqqətli yanaşmaq;
Bank tətbiqlərində iki mərhələli autentifikasiyanı aktivləşdirmək;
Şübhəli zəng və mesajlar barədə dərhal banka və hüquq-mühafizə orqanlarına məlumat vermək.

Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə süni intellekt əsaslı dələduzluq halları daha da artacaq. Buna görə də texniki təhlükəsizlik tədbirləri ilə yanaşı, vətəndaşların rəqəmsal savadlılığının artırılması da ən vacib müdafiə vasitələrindən biri hesab olunur.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki