10 illik sirrin üstü açılır: Məşhur rəqqasənin qətli ilə bağlı 3 nəfər saxlanıldı - VİDEO

Türkiyədə uzun illər açılmayan cinayət işlərindən biri hesab olunan, Aynur Kanburun qətli ilə bağlı mühüm irəliləyiş qeydə alınıb.

Referans Media xəbər verir ki, İstanbulun Şişli rayonunda 2016-cı ildə silahlı hücum nəticəsində öldürülən Aynur Kanburun işi yenidən araşdırılıb. İstanbul Polis İdarəsinin Cinayət Axtarış Bürosu tərəfindən aparılan yeni istintaq çərçivəsində hadisə ilə əlaqəli olduğu ehtimal edilən 3 nəfər saxlanılıb.

Araşdırmalar nəticəsində qətli törətdiyi iddia olunan B.G. və hadisəni sifariş verdikləri irəli sürülən F.K. və S.K.-nın şəxsiyyətləri müəyyən edilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hər üç şübhəli tutulub.

Hazırda saxlanılan şəxslərin polis idarəsində istintaq hərəkətləri davam edir.

Qeyd edək ki, Aynur Kanbur bir dövr Türkiyədə böyük populyarlıq qazanan Mezdeke qrupunun üzvlərindən biri olub. Onun ölümü həm şou-biznes, həm də ictimaiyyət arasında geniş rezonans doğurmuş, cinayət işi isə illərlə açılmamış qalmışdı.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan son araşdırmalar nəticəsində 10 ilə yaxın müddətdən sonra iş üzrə yeni detalların ortaya çıxması diqqət çəkib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki