6 illik həsrət bitdi: Şebnem Ferah səhnəyə möhtəşəm dönüş etdi - VİDEO

Türk rok musiqisinin tanınmış simalarından olan Şebnem Ferah altı illik fasilədən sonra yenidən səhnəyə çıxaraq pərəstişkarları ilə görüşüb.

Referans Media xəbər verir ki, İstanbulda keçirilən konsertə minlərlə tamaşaçı qatılıb. Uzun müddətdən sonra səhnəyə qayıdan sənətçi proqramın açılışını sevilən “Okyanus” mahnısı ilə edib. Tamaşaçılar konsert boyunca alqış və sevgi nümayişləri ilə ifaçını qarşılayıblar.

Səhnədən pərəstişkarlarına müraciət edən Şebnem Ferah duyğusal anlar yaşadaraq, “Yoxluğunuzda sizin mənim evim olduğunuzu anladım” sözlərini səsləndirib. Bu ifadələr konsert iştirakçıları tərəfindən böyük alqışlarla qarşılanıb.

Müğənninin səhnəyə dönüşü təkcə pərəstişkarlarının deyil, incəsənət və idman dünyasının məşhur simalarının da diqqətini cəlb edib. Konserti izləyənlər arasında Cem Yılmaz, Kenan Doğulu, Beren Saat, Mazhar Alanson, Aleyna Tilki, Zehra Güneş və digər tanınmış şəxslər yer alıblar.

Konsertə olan böyük maraq səbəbindən təşkilatçılar əlavə proqramların keçiriləcəyini açıqlayıblar. Bildirilib ki, Şebnem Ferah iyunun 13-də İzmir, iyunun 27-də isə yenidən İstanbul şəhərində səhnəyə çıxacaq.

Konsert gecəsi sosial şəbəkələrdə də geniş rezonans doğurub və Şebnem Ferahın adı ən çox müzakirə olunan mövzular sırasında yer alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki