Almaniyanın “Borussiya Dortmund” klubu milli futbolçu Salih Özcan ilə yollarını ayırdığını rəsmi şəkildə açıqlayıb.
Referans Media xəbər verir ki, Bundesliqa təmsilçisi klubun sosial şəbəkə hesabında yayımladığı vida mesajında futbolçuya təşəkkür edib və onun klubdakı xidmətlərini yüksək qiymətləndirib.
Klubun açıqlamasında qeyd olunub: “"Borussiya Dortmund" ailəsi Salihə dörd il ərzində qara-sarı formanı şərəflə daşıdığı, göstərdiyi əzmkarlıq, bağlılıq və peşəkarlıq üçün təşəkkür edir. Ona gələcək karyerasında uğurlar arzulayırıq.”
Salih Özcan "Borussiya Dortmund" karyerası ərzində ümumilikdə 96 oyunda meydana çıxıb. O, bu görüşlərdə qol vurmasa da, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Türkiyəli futbolçunun gələcəyi ilə bağlı isə müxtəlif iddialar gündəmdədir. Onun adı xüsusilə Türkiyənin aparıcı klublarından "Beşiktaş" və "Trabzonspor" ilə hallanır.
