Qlobal təhlükəsizlik mühitində gərginliyin artdığı bir vaxtda Ankarada NATO ölkələrinin dövlət və hökumət başçılarının Zirvə Görüşü keçirilir. Sammitdə Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, alyansın müdafiə qabiliyyətinin gücləndirilməsi, üzv ölkələrin müdafiə xərcləri və NATO-nun gələcək strategiyası əsas müzakirə mövzularıdır. Ekspertlər hesab edirlər ki, sammitdə qəbul ediləcək qərarlar təkcə alyansın deyil, Avropa və regionun təhlükəsizlik arxitekturasına da təsir göstərəcək.
Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, NATO-nun Ankara sammiti ilk növbədə təşkilatın gələcəyi baxımından mühüm qərarların qəbul edilməsinə ehtiyac duyulan bir dövrə təsadüf edir.
Onun sözlərinə görə, NATO tarixində indiki qədər dərin daxili fikir ayrılıqları və böhran yaşanmayıb:
“Buna bənzər vəziyyət 1991-ci ildə də olmuşdu. Həmin vaxt təşkilat özünü yeni dövrə uyğun şəkildə yenidən formalaşdıra bildi. Amma bu dəfə artıq təşkilatın gələcəyi, hətta əvvəlki gücü ilə fəaliyyətini davam etdirib-etdirməyəcəyi sual altındadır. Çünki NATO-nun əsas sponsoru olan ABŞ ilə Avropa müttəfiqləri arasında ciddi fikir ayrılıqları mövcuddur”.
Politoloq qeyd edib ki, müdafiə xərclərinin artırılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü tələblərin qəbul edilməsindən sonra təşkilat daxilində münasibətlərin normallaşacağı gözlənilsə də, bu baş verməyib:
“Əksinə, Tramp İranla bağlı hərbi əməliyyatlar barədə NATO müttəfiqlərini əvvəlcədən məlumatlandırmadı. Bununla yanaşı, Danimarkaya qarşı ərazi iddiaları irəli sürdü və İran müharibəsində kifayət qədər dəstək vermədiklərini əsas gətirərək Avropa ölkələrini tənqid etdi”.
A.Quliyevin fikrincə, mövcud şəraitdə sammitdə NATO-nun gələcək simasını müəyyən edəcək prinsipial qərarların qəbul olunması kifayət qədər çətin görünür.
“Rusiya ilə münasibətlərin hansı formada əks olunacağı, Ukraynaya hərbi dəstəyin yeni mərhələsinin başlanmasına bütün üzv dövlətlərin necə yanaşacağı, eləcə də Ukrayna təhlükəsizliyinin Avropa təhlükəsizlik sisteminin əsas elementi kimi yekun bəyannamədə yer alıb-almayacağı hələ də açıq qalan məsələlərdir. Təşkilatın gələcəyi də məhz bu məsələlərin necə həll olunacağından asılı olacaq”.
Politoloq bildirib ki, hazırda ABŞ NATO-da daha çox maliyyə təminatçısı kimi çıxış edir. Bununla yanaşı, Vaşinqton Avropadakı bəzi hərbi bazalarını azaltmaq niyyətini də gizlətmir.
“Bütün bunlar NATO-nun qarşıdakı mərhələdə ciddi çətinliklərlə üzləşəcəyini deməyə əsas verir. Lakin yekun nəticə Ankarada qəbul olunacaq bəyannamədən asılı olacaq. NATO-nun bütün üzvlər üçün vahid təhlükəsizlik çətiri prinsipini qoruyub saxlaması, ABŞ-ın əvvəlki səviyyədə dəstəyini davam etdirməsi, Ukraynanın hərbi və maliyyə baxımından dəstəklənməsi, eləcə də Ukrayna təhlükəsizliyinin Avropa təhlükəsizlik arxitekturasının əsas elementi kimi qəbul edilib-edilməməsi alyansın gələcəyini müəyyənləşdirəcək əsas məsələlərdir”.
Aydın Quliyev vurğulayıb ki, NATO-nun Avropada və Yaxın Şərqdə sülh və təhlükəsizliyə töhfə verəcək qərarlar qəbul etməsi bütün dünya üçün əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, sammitin nəticələri Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana da müəyyən təsirlər göstərə bilər:
“Azərbaycan NATO ilə ‘Sülh naminə tərəfdaşlıq’ və digər proqramlar çərçivəsində əməkdaşlıq edir. Əgər təşkilat yeni mərhələ üçün öz fəaliyyət istiqamətlərini və prioritetlərini daha dəqiq müəyyənləşdirərsə, Azərbaycan da NATO ilə bağlı siyasətini və əməkdaşlıq proqramlarını daha konkret şəkildə formalaşdıra bilər”.
Gülnaz Abdullazadə
