Rusiyadan ailələrinə pul göndərənlərə BƏD XƏBƏR

Rusiyanın "Zolotaya Korona" ödəniş sistemi Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiya paketinin tətbiqindən sonra Ermənistan, Azərbaycan, Qazaxıstan, Gürcüstan və bir sıra digər ölkələrə onlayn pul köçürmələrini dayandırıb.

Referans Media xəbər verir ki, sistemin saytında Rusiyadan onlayn pul köçürmələri üçün yalnız üç ölkənin - Özbəkistan, Türkiyə və Qırğızıstanın adı qeyd edilib.

Qeyd edək ki, Avropa Birliyi tərəfindən “Zolotaya Korona” ödəniş sistemini idarə edən RNKO Ödəniş Mərkəzinə sanksiyalar tətbiq edilib. Bu isə sistemin xarici ölkələrdə fəaliyyətinin bərpası ehtimalını minimuma endirir.

a51aac1d-3da3-36c2-8aec-7d37a2bcb091_1200.jpg (216 KB)

Məlumdur ki, Rusiyada işləyən soydaşlarımızın oradan qazanıb göndərdikləri vəsait Azərbaycanda yüz minlərlə ailə üçün əsas gəlir mənbələrindən biridir. Eyni zamanda bu vəsaitlər Cənub və Qərb regionlarında iqtisadi fəallığın dəstəklənməsində mühüm rol oynayır. Bu baxımdan, Zolotaya Korona kimi sistemlərin dayanması Rusiyadakı soydaşlarımızın vətənə pul göndərişlərində ciddi çətinliklər yarada bilər.

2025-ci ildə Rusiyadan Azərbaycana pul köçürmələri 479,3 milyon ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən bu, 2024-cü illə müqayisədə 3,5 faiz azdır. Hesabat dövründə Rusiyadan köçürmələrin ümumi daxilolmalarda payı 45,9 faizdən 40,7 faizə düşüb.

UFxHQNCl9le1nGAXVqdonlqSOM3fnCOHTlL99Wt1_1200.jpg (145 KB)

2026-cı ilin yanvar-mart aylarında sürətli pulköçürmə sistemləri ilə Azərbaycana daxil olan vəsaitin ümumi həcmi təxminən 364,4 milyon manat təşkil edib. Bunun 120,7 milyon manatı yanvarda. 120,5 milyon manatı fevralda, 123,2 milyon manatı marta göndərilib.

Eyni dövrdə (yanvar-mart aylarında) Azərbaycan banklarından sürətli pulköçürmə sistemləri vasitəsilə xarici ölkələrə göndərilən vəsaitin ümumi həcmi təqribən 113,6 milyon manat olub (Yanvarda 36,4 milyon manat, fevralda 38,9 milyon manat, martda isə 38,3 milyon manat).

Aprel ayında Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daha 146,6 milyon manat həcmində vəsait daxil olub. Bu müddətdə ümumilikdə 238,5 min əməliyyat həyata keçirilib. Mərkəzi Bankın məlumatına görə, ötən ilin aprel ayı ilə müqayisədə əməliyyatların sayı 98,1 min və ya 29,1 faiz azalıb, daxil olan vəsaitin həcmi isə 18 milyon manat və ya 10,9 faiz aşağı düşüb. Ay əzində bir köçürmənin orta məbləği 614,7 manat təşkil edib ki, bu da 2025-ci ilin aprel ayı ilə müqayisədə 125,7 manat və ya 25,7 faiz çoxdur.

2026-cı ilin may ayında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına daxil olan vəsaitin həcmi 189,7 milyon manata qədər yüksəlib. Hesabat ayında sürətli pul köçürmə sistemləri vasitəsilə 246,6 min əməliyyat həyata keçirilib. AMB-nin məlumatına əsasən, 2025-ci ilin may ayı ilə müqayisədə əməliyyatların sayı 53,9 min və ya 17,9 faiz azalsa da, daxil olan vəsaitin həcmi 32,6 milyon manat və ya 20,7 faiz artıb.

Hesabat dövründə bir köçürmənin orta məbləği 769,2 manat olub. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 246,5 manat və ya 47,2 faiz çoxdur.

Beləliklə, 5 ayda Azərbaycana sürətli pulköçürmə sistemləri vasitəsilə pulköçürmələrinin həcmi 700,7 milyon manata yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 641,4 milyon manat təşkil etmişdi.

Fiziki şəxslərin xaricdən göndərdiyi pul baratlarında Rusiyanın payının yüksək olduğunu nəzərə alsaq, sürətli sistemlərlə köçürmələrdə də bu ölkənin eyni dərəcədə yuxarı olduğunu deyə bilərik.

Son illərdə Rusiya hakimiyyətinin əmək miqrantlarına yaratdığı problemlər sürətlə artdığına görə oradan vətənə pul göndərmək imkanı hər kəsdə olmur. Bu, xüsusilə də vətəndaşlığı olmayan, qanuni şəkildə əmək miqrantı statusu almayan şəxslərə aiddir. Əldə etdiyimiz məlumata görə, əksər hallarda Rusiya vətəndaşlığı olan bir nəfər çoxsaylı qohum və dostların pullarının vətənə göndərilməsində vasitəçilik edir. Azərbaycana sürətli pulköçürmələrinin sayca azalıb, məbləğcə artmasının əsas səbəbinin bu olması ehtimalı böyükdür.

Rusiya vətəndaşlığı, yaxud bu ölkədə olmaq üçün qanuni icazəsi olan şəxslər Azərbaycana pul köçürmək üçün başqa vasitələrdən də istifadə edə bilirlər. Azərbaycan Mərkəzi Bankının rəsmi məlumatında Rusiyadan pulköçürmələri ilə məşğul olan iki mexanizm qeyd edilib: Zolotaya Korona və Beynəlxalq Bankın Granat sistemi. Granat sistemi ilə pulu yalnız ABB-Moskvanın kartından Bakıdakı ABB kartına, yaxud Moskvadakı müştəri xidmətləri vasitəsilə Bakıdakı xidmətlərə, həmçinin Azərpoçt şöbələrinə köçürmək mümkündür.

Bəzi Rusiya bank kartlarından Azərbaycan kartlarına birbaşa rəqəmsal keçidlər və ya mövcud olan digər yerli bank xidmətləri tətbiq olunur. Məsələn, Sberbank-dan kartı olan şəxslər onunla Azərbaycandakı bank kartarına vəsait köçürə bilirlər.

DTdIn3gDpHGOSF2tUK19LIVb7zY90RTiH6It8UvJ_1200.jpg (46 KB)

Bundan əlavə, Azərbaycanın “m10” sistemilə də köçürmə mümkündür. Sistemin İnternet saytında yerləşdirilən məlumata görə, Rusiyadakı tərəfdaş bankların tətbiqləri vasitəsilə alıcının Azərbaycan telefon nömrəsini qeyd etməklə vəsaiti ani olaraq manatla köçürmək mümkündür. Bu zaman köçürmə məbləğinə gündəlik 2000 manatadək, 10 000 manatadək, digər banklar və tətbiqlər vasitəsilə ümumilikdə 33 000 manatadək limit tətbiq olunur.

Eyni zamanda Rusiyadakı VTB hesabından alıcının Azərbaycan nömrəsinə və ya hesabına manatla ani köçürmələr etmək olar.

Rusiyadakı əmək miqrantları öz ölkələrinə pul köçürmək üçün həmçinin maliyyə agentlərinin xidmətlərindən istifadə edə bilərlər. Bu zaman müəyyən məbləğ Rusiyada maliyyə agentinə verilir, tutalım, Özbəkistanda miqrantın ailəsi həmin agentin tərəfdaşından nağd şəkildə həmin məbləği alır. Lakin bu, bahalı və təhlükəli prosesdir: maliyyə agenti çatdırılan məbləğin 9-10 faizi həcmində xidmət haqqı istəyir, üstəlik, qeyri-rəsmi əməliyyat olduğu üçün agentə verilən pulun vətəndəki qohumlara çatması böyük sual altındadır./Musavat.com 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki