Yeni mövsüm öncəsi heyətini gücləndirmək istəyən "Fənərbaxça" hücum xəttinə ulduz futbolçu cəlb etməyə hazırlaşır.
Referans Media xəbər verir ki, Türkiyə klubu İngiltərə Premyer Liqası təmsilçisi "Aston Villan"ın hücumçusu Ollie Vatkinslə müqavilə şərtləri üzrə razılığa gəlib.
Məlumata görə, 30 yaşlı ingilis forvard "Fənərbaxça"nın təklifini qəbul edib. Tərəflər illik 9 milyon avro maaş qarşılığında 3 illik müqavilə üzərində razılaşıb.
Futbolçu ilə anlaşmanı təmin edən sarı-lacivərdlilər indi "Aston Villa" ilə danışıqları davam etdirir.
İngiltərə klubunun Vatkins üçün 35 milyon avro tələb etdiyi, "Fənərbaxça"nın isə transferi təxminən 25 milyon avro qarşılığında yekunlaşdırmaq istədiyi bildirilir.
Vatkinsin Aston Villa ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
Sarı-lacivərdli klub yeni mövsüm öncəsi iddialı heyət qurmaq üçün transfer çalışmalarını sürətləndirib. Ollie Vatkins transferi baş tutarsa, "Fənərbaxça"nın hücum gücünə ciddi töhfə verəcək addım kimi qiymətləndirilir.
