ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda baş tutan Ermənistan–Azərbaycan danışıqları Ağ Evin Cənubi Qafqaz siyasətində rol oynaması üçün real imkanlar yaratdı. Xüsusilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) marşrutunun (Zəngəzur dəhlizi) açılması və 99 il müddətinə ABŞ-ın nəzarətinə verilməsi Vaşinqton prizmasından ciddi uğur sayılır.
Sirr deyil ki, ABŞ üçün bu dəhliz həm də Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin Qafqaz ayağını balanslaşdırmaq baxımdan əhəmiyyətlidir. O zaman maraqlı bir sual yaranır: ABŞ aktiv şəkildə regiona daxil olarkən, əsas rəqibi Çin niyə səssizliyini qoruyur?
Çinin sükutunun səbəbi…
Çinin səssizliyinin müxtəlif izahı ola bilər. Lakin ilk qeyd edilməli məqam Pekinin bu kimi situasiyalarda sərgilədiyi mövqedir. Müşahidələrimdən gəldiyim qənaət budur ki, Çin adətən, strateji maraqlarına toxunan məsələlərdə açıq reaksiya verməkdə tələsmir. Xüsusən də üçüncü tərəflərin təşəbbüsləri qarşısında daha çox “gözləmə və qiymətləndirmə” mövqeyi tutur. Müqayisə üçün deyim ki, Rusiya və İran bunun tam tərsini edir.
Mövcud situasiyada Çinin səssizliyinə dair ilk və ən ağlabatan versiya alternativ marşrutların mövcudluğudur. Xüsusilə bu məqam Pekinə strateji elastiklik verir. Daha dəqiq desək, Gürcüstan və İran marşrutları Çinin nəzərindən çıxmayıb. Əksinə, son illərdə Pekin həm İrana, həm də Gürcüstana böyük miqdarda investisiya yatırıb. Digər tərəfdən, Azərbaycan özü də hər iki marşrutun davamlılığı, hətta gələcəkdə daha da inkişafında maraqlıdır. Bu baxımdan Çin Zəngəzur dəhlizinə qarşı açıq reaksiya vermədən, sakit şəkildə alternativ və ya paralel layihələrin üzərində işləyə bilər.
Gizli razılaşma
Lakin bir də məsələnin daha fərqli, subyektiv versiyama dayanan tərəfi var. Hesab edirəm, Azərbaycanla Çin arasında daha mühüm bir razılaşma var. Söhbət icrası illərdir siyasi, iqtisadi və texnoloji səbəblərdən reallaşmayan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsindən gedir. Transxəzər layihəsi, ya da dəhlizi həm Çin, həm də Azərbaycan üçün çox əhəmiyyətlidir.
Prezident İlham Əliyevin Çinə son səfəri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Səfər zamanı iki ölkə arasında bir çox saziş, o cümlədən strateji tərəfdaşlıq haqqında sənəd imzalandı. Bu sənəddə Transxəzər marşrutu ilə bağlı gizli razılaşmalar da ola bilər.
İcrası riskli layihə…
Qeyd etdiyim kimi, uzun müddət Xəzərin statusu məsələsində fikir ayrılıqları daha qabarıq olsa da, son illərdə mübahisəli hüquqi status məsələləri artıq müəyyən qədər həllini tapıb. Məhz buna görə bu qənaətdəyəm ki, Çin üçün hüquqi manevr imkanları hazırda yaranıb.(globalinfo)