Son vaxtlar idxal olunan dondurulmuş ətlərin həm keyfiyyəti, həm də bazara təsiri ilə bağlı müzakirələr davam edir. Ekspertlər bu məhsulların həm qiymətə, həm də yerli istehsala təsirini qiymətləndirir.
Referans Media-ya açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, dondurulmuş ətlərin ölkəyə gətirilməsi ilk növbədə keyfiyyət məsələsi ilə bağlıdır və bu sahədə ciddi nəzarət mövcuddur.
Onun sözlərinə görə, əgər hər hansı risk olsaydı, həmin məhsullar ölkəyə buraxılmazdı. “İstər 1 manat, istərsə də 1000 manat olsun, məhsulun keyfiyyəti qiymətlə müəyyən edilmir. Ucuz məhsulun mütləq keyfiyyətsiz olması barədə fikir düzgün deyil”, – deyə o qeyd edib.
İqtisadçı vurğulayıb ki, ölkəyə idxal olunan ətlər sərhəddə ciddi yoxlamalardan keçir. Keyfiyyət standartları, sertifikatlar və qida təhlükəsizliyi ilə bağlı sənədlər yoxlanılır, məhsullar laboratoriyalarda analiz olunur. Onun fikrincə, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlətin əsas vəzifələrindən biridir.
Xalid Kərimli bildirib ki, idxal olunan ətlər bazarda qiymətlərin kəskin bahalaşmasının qarşısını alır. Onun sözlərinə görə, bu məhsullar olmasa, ölkədə ətin qiyməti hazırkı 17-24 manat aralığından xeyli yüksək ola bilər.
Ekspert qeyd edib ki, bazarda əsas rolu yerli istehsalçılar – iri və xırda buynuzlu heyvandarlıqla məşğul olan fermerlər oynayır. Lakin saxlanılan heyvanların sayında azalma müşahidə olunur və əhalinin tələbatı artmaqda davam edir.
Onun sözlərinə görə, idxal bu tələbatın qarşılanması üçün vacibdir və bu proses düzgün tənzimlənməlidir. Eyni zamanda, qiymətlərin artması bu sahəyə marağı da artırır. “Qiymətlərin yüksəlməsi sahibkarların və investorların heyvandarlıq sahəsinə yönəlməsinə səbəb olur”, – deyə iqtisadçı əlavə edib.
Gülnaz abdullazadə























