"Fənərbaxça"nın prezidentliyinə namizəd olan Aziz Yıldırım transfer planları ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Referans Media xəbər verir ki, Aziz Yıldırım İstanbulun məşhur "Kapalı Çarşısı"nda azarkeşlərlə görüşü zamanı komandanın yeni mövsüm üçün ciddi transfer hazırlığında olduğunu bildirib.
O qeyd edib ki, "Fənərbaxça" iki yeni hücumçu transfer etməyi planlaşdırır və futbolçuların kimliyi artıq müəyyənləşib. Hazırda həm oyunçuların özləri, həm də klubları ilə danışıqlar davam edir.
Aziz Yıldırım yaxın günlərdə transfer məsələləri ilə bağlı xaricə gedəcəyini və futbolçu menecerləri ilə son görüşləri keçirəcəyini də açıqlayıb. Onun sözlərinə görə, transferlərin seçkidən əvvəl rəsmən elan olunması mümkündür.
Təcrübəli futbol funksioneri transfer siyasətindən də danışaraq bildirib ki, məqsəd yalnız ulduz futbolçular gətirmək deyil, balanslı və güclü komanda formalaşdırmaqdır.
O həmçinin vurğulayıb ki, yay transfer dönəmində ümumilikdə 5-6 yeni futbolçunun komandaya cəlb olunması planlaşdırılır.
