Bakıda müşahidə olunan güclü yağışlar təkcə nəqliyyat və gündəlik həyatda deyil, iqtisadi fəaliyyətdə də ciddi problemlər yaradır. Ekspertlərin fikrincə, illərdir infrastruktur layihələrinə böyük vəsaitlər xərclənsə də, paytaxtın yağış sularına qarşı dayanıqlılığı hələ də zəif olaraq qalır.
Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Bakıda güclü yağışlar əsasən drenaj sistemlərinin yüklənməsi və ya düzgün işləməməsi səbəbindən küçələrin su altında qalmasına gətirib çıxarır. Onun sözlərinə görə, bu hal birbaşa iqtisadi fəaliyyətə təsir edir.
İqtisadçı qeyd edib ki, ən ciddi problemlərdən biri nəqliyyatın iflic olmasıdır. Belə ki, yollar bağlanır, ictimai nəqliyyat gecikir, insanlar işə vaxtında çata bilmir, logistika zənciri isə pozulur. Bu isə xüsusilə xidmət sektorunda, ticarətdə və gündəlik gəlirlə çalışan bizneslərdə itkilərlə nəticələnir. Taksi, çatdırılma və pərakəndə satış kimi sahələrdə ya fəaliyyət dayanır, ya da xərclər artır.
Akif Nəsirlinin sözlərinə görə, yağışlı hava iş rejiminə də təsirsiz ötüşmür. Bir çox müəssisə ya gec açılır, ya əməkdaşlar işə gecikir, bəzi hallarda isə fəaliyyət ümumiyyətlə dayandırılır. Bu cür fasilələr ümumi məhsuldarlığın azalmasına səbəb olur. Gündəlik iqtisadi aktivlik zəifləyir, çünki insanlar evdən çıxmağa çəkinir, alış-veriş və xidmətlərə tələb isə müvəqqəti olaraq azalır. O bildirib ki, bu təsir qısa müddətli olsa da, tez-tez təkrarlananda ümumi iqtisadi itkilər toplanır.
İqtisadçı vurğulayıb ki, illər ərzində böyük vəsaitlərin xərclənməsinə baxmayaraq problemlərin qalması artıq təkcə investisiya həcmini deyil, onun keyfiyyəti və idarə olunması məsələsini də ön plana çıxarır. Onun fikrincə, əgər mövcud infrastruktur bu qədər vəsait hesabına qurulubsa, lakin yağışa davam gətirmirsə, problem layihələndirmədə, icra keyfiyyətində, texniki standartlarda və nəzarət mexanizmlərindədir. Bu halda sadəcə daha çox vəsait ayırmaq problemin avtomatik həlli demək deyil.
Akif Nəsirli hesab edir ki, real ehtiyac daha çox şəffaflıq, düzgün planlama və texniki əsaslandırılmış layihələrdir. O bildirib ki, yağış sularının idarə olunması üçün ayrıca sistemlərin qurulması, mövcud drenaj xətlərinin mütəmadi təmizlənməsi və şəhər planlamasında suyun axın istiqamətlərinin nəzərə alınması kimi addımlar daha effektiv ola bilər. Eyni zamanda, ictimai nəzarət və hesabatlılıq güclənmədən yeni investisiyaların əvvəlkilərdən daha səmərəli olacağına zəmanət verməyin çətin olduğunu deyib.
“Yəni problem təkcə ‘daha çox investisiya lazımdır’ məsələsi deyil, ‘daha düzgün və məsuliyyətli investisiya necə qoyulmalıdır?’ sualıdır. Əgər bu dəyişməzsə, nəticə də eyni qalacaq”, – deyə iqtisadçı bildirib.
Akif Nəsirli əlavə edib ki, son 30 ildə Bakının infrastruktur layihələrinə 30 milyard manatdan çox vəsait xərclənib, lakin nəticə göz önündədir: “Üç günlük yağış Bakını Venetsiyaya çevirib. Bu, son 30 ildə həyata keçirilən bahalı infrastruktur layihələrinin real qiymətidir”.
O, həmin vəsaitlərin böyük hissəsinin korrupsiya yolu ilə mənimsənildiyini və məmurların şəxsi kapitalına çevrildiyini də iddia edib. İqtisadçı sonda qeyd edib ki, yenidən vəsait ayrılsa belə, eyni prosesin təkrarlanmayacağına əminliklə cavab vermək çətindir.
Gülnaz Abdullazadə























