Bakının Məhəmməd Hadi küçəsində yerləşən 17 mərtəbəli binanın sakinləri binanın altındakı ticarət mərkəzinə metrodan keçid tikildiyini iddia edirlər.
Referans Media xəbər verir ki, sakinlərin sözlərinə görə, aparılan işlərdən evlərində rahat yaşaya bilmirlər.
“Binamızın altını qazırlar, dəmirləri kəsirlər, binamız uçur”, – deyə sakinlərdən biri qeyd edib.
Özünü binanın komendantı kimi təqdim edən İsa Talıblı isə bildirdi ki, sakinlərin “tikinti gedir” dedikləri ərazi binaya deyil, metroya aiddir və bunun binaya heç bir aidiyyəti yoxdur.
Məsələ ilə bağlı “Bakı Metropoliteni”ndən bildirilib ki, “Həzi Aslanov” stansiyasının 5-ci çıxışı istiqamətində yerləşən ticarət mərkəzi tərəfindən həmin əraziyə birbaşa keçidin təşkili ilə bağlı təmsil etdiyi quruma müraciət olunub. Müraciətə baxılaraq, “Bakı Metropoliteni”nin müəyyən etdiyi texniki şərtlər, tikinti norma və qaydaları, eləcə də bütün təhlükəsizlik tələblərinin tam təmin edilməsi şərti ilə keçidin inşasına razılıq verilib. Yeni keçid sərnişinlərin hərəkətinin daha rahat və təhlükəsiz təşkilinə, eləcə də sərnişin axınının daha səmərəli yönləndirilməsinə xidmət edəcək.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
