Rusiya təşvişdə: ABŞ-ın nüvə bombaları bu ölkələrdə yerləşdiriləcək

Rusiyanın fəaliyyəti fonunda Avropada təhlükəsizlik vəziyyətinin pisləşməsi NATO-nu qitədə nüvə çəkindirmə potensialının gücləndirilməsi yollarını nəzərdən keçirməyə vadar edib.

Bu barədə “Süddeutsche Zeitung” (SZ) qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, müzakirə olunan ssenarilərdən biri ABŞ-a məxsus əlavə nüvə silahlarının Avropada yerləşdirilməsidir. Potensial yerləşdirmə ölkələri kimi Litva, Polşa və Finlandiyanın adı çəkilir.

Bildirilir ki, Polşa NATO-nun Birgə Nüvə Paylaşımı proqramına qoşula bilər. Finlandiya ölkəyə nüvə silahının gətirilməsi və tranzitinə qoyulmuş tarixi qadağanı ləğv edib. Litva parlamenti isə ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə dair konstitusiya qadağasının aradan qaldırılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb.

“The Bulletin” analitik qrupunun ekspertləri ABŞ-ın “B61-12” tipli aviasiya nüvə bombalarını Böyük Britaniyanın Leykenhit aviabazasına köçürmüş ola biləcəyini də istisna etmirlər. NATO-nun baş katibi Mark Rutte alyansın nüvə potensialının yeni təhlükəsizlik şəraitinə uyğunlaşdırılması məsələsinin müzakirə edildiyini təsdiqləyib. Lakin o, məsələnin məxfi xarakter daşıdığını əsas gətirərək əlavə təfərrüat açıqlamayıb.

Məlumata görə, Avropada yeni qeyri-strateji nüvə silahlarının yerləşdirilməsi nəzərdən keçirilir. Bu silahlar qoşunlar, aerodromlar, limanlar, komanda məntəqələri və digər hərbi obyektlər kimi hərbi infrastrukturu hədəfə almaq üçün nəzərdə tutulub. Strateji nüvə silahlarından fərqli olaraq, onların dağıdıcı gücü daha azdır və əsasən qırıcı təyyarələr, qısa mənzilli raketlər və qanadlı raketlər vasitəsilə tətbiq olunur.

Nəşr qeyd edir ki, Soyuq müharibənin başa çatmasından və nüvə arsenalının ixtisarından sonra Avropada ABŞ-a məxsus təxminən 100 ədəd “B61-12” nüvə bombası qalıb. Bu silahlar proqramı çərçivəsində NATO-nun beş ölkəsində – Almaniya, Belçika, İtaliya, Niderland və Türkiyədə yerləşən altı aviabazada saxlanılır.

Almaniyada ABŞ-ın nüvə sursatları “Büxel” aviabazasında yerləşdirilib. Böhran vəziyyətində bu silahlardan NATO-nun Avropalı müttəfiqlərinin döyüş təyyarələri vasitəsilə istifadə oluna bilər. NATO isə Avropada yerləşdirilən ABŞ nüvə silahlarının sayı və dəqiq yerləşdiyi məkanlar barədə rəsmi məlumat açıqlamır./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki