Son günlər intensiv yağıntılardan sonra Bakıda və ölkənin bir sıra bölgələrində ağcaqanadların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, isti və rütubətli hava, eləcə də durğun su sahələrinin çoxalması həşəratların sürətlə artmasına şərait yaradır. Bəs bu vəziyyət müvəqqəti xarakter daşıyır, yoxsa gələcəkdə daha ciddi ekoloji və sanitariya risklərinə səbəb ola bilər?
Referans Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimov bildirib ki, son yağıntılardan sonra ağcaqanadların sayının artması təkcə Bakıda deyil, ölkənin əksər ərazilərində müşahidə olunur.
Onun sözlərinə görə, bu hal meşə, meşə-çöl və aran zonaları üçün xarakterikdir və müəyyən dövrlərdə təbii proses kimi baş verir:
“Əslində, yağıntılardan sonra ağcaqanadların artması bütün ölkə üzrə özünü göstərir. Meşə, meşə-çöl və aran zonalarında bu hal hər zaman olub. Hazırkı yağıntılı dövr həm Bakıda, həm də bölgələrdə ağcaqanadların sayının artmasına səbəb ola bilər”.
Ekoloq qeyd edib ki, ağcaqanadlar əsasən durğun və çirkli su hövzələrində, qamışlıq ərazilərdə yumurta qoyaraq çoxalırlar:
“Onlar insanları sancaraq qıcıqlanma yaradır, eyni zamanda müxtəlif infeksiyaların yayılmasına səbəb ola bilərlər. Ağcaqanadlar vasitəsilə yayılan ən tanınmış xəstəliklərdən biri malyariyadır. Uzun müddətdir ölkəmizdə malyariya halları müşahidə olunmur. Bununla belə, malyariya yayan ağcaqanadlar digər növlərdən fərqlənir və onların yaranması daha ciddi təhlükə yarada bilər”.
Q.İbrahimovun sözlərinə görə, isti və rütubətli hava şəraiti ağcaqanadların çoxalması üçün əlverişli mühit yaradır. Buna görə də aidiyyəti qurumlar qabaqlayıcı tədbirləri gücləndirməlidirlər:
“Sanitariya-Epidemioloji Xidmət, Səhiyyə Nazirliyi, yerli icra hakimiyyətləri və bələdiyyələr bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Açıq kanalizasiya xətləri, durğun su mənbələri və digər riskli ərazilər vaxtında dərmanlanmalıdır. Əks halda, ağcaqanadlar həmin yerlərdə yumurta qoyaraq sürətlə çoxalacaqlar”.
Ekoloq bildirib ki, malyariya yayan ağcaqanadların yayılması baş verərsə, bu, insanların sağlamlığı üçün daha ciddi risklər yarada bilər:
“Belə hallarda xəstəlik özünü bir neçə gün və ya bir həftə sonra yüksək hərarət, titrətmə və digər əlamətlərlə göstərə bilər. Vaxtında müalicə olunmadıqda isə ağır fəsadlara səbəb ola bilər”.
Qorxmaz İbrahimov vurğulayıb ki, ağcaqanadlar və digər həşəratlar vasitəsilə yayılan xəstəliklərin qarşısının alınması üçün dezinfeksiya və profilaktik tədbirlər mütləq həyata keçirilməlidir:
“Bakı ətrafındakı açıq kanalizasiyalar mütləq dərmanlanmalıdır. Yağıntılardan sonra yaranan kiçik durğun su hövzələri isə ya qurudulmalı, ya da ağcaqanadların yumurta qoymasının qarşısını alan vasitələrlə emal edilməlidir. Müasir texnologiyalar bunun ekosistemə minimum təsirlə həyata keçirilməsinə imkan verir”.
