Bakının Baş Planının həyata keçirilməsi mənzil və torpaq bazarına necə təsir göstərə bilər? Hansı ərazilərdə daşınmaz əmlaka tələbin və qiymətlərin dəyişməsi daha çox gözlənilir və bu dəyişikliklərə əsas təsir edən amillər nələr olacaq?
Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, paytaxtın Baş Planı 2040 layihəsi həyata keçirilərkən mənzil, torpaq, qeyri-yaşayış sahələri və yaxınlıqda yerləşən fərdi yaşayış evlərinin hər birinin qiymətinə uzunmüddətli və struktur xarakterli təsir göstərəcək.
Onun sözlərinə görə, burada əsas məsələ qiymətlərin hər yerdə artacağı kimi düşünülməməlidir:
“Layihə həyata keçirilərkən hansı ərazilərdə abadlaşdırma, yeni parkların salınması, ictimai yaşayış ərazilərinin cazibədarlığının artırılması prosesləri baş verəcəksə, təbii ki, orada qiymət artımı yaranacaq.
Torpaq sahələrinin qiymətində ən ciddi faktor, təbii ki, nəqliyyat əlçatanlığı və ümumiyyətlə, nəqliyyat infrastrukturu amili olacaq. Burada metro, dəmir yolu, magistral yollar, ictimai nəqliyyat vasitələri, bundan əlavə, yola yaxınlıq, yeni salınmış yolların hansı istiqamətdə inkişaf perspektivinin olması – bunların hamısı torpağın qiymətinə təsir göstərəcək.
Eyni zamanda şəhərin infrastruktur dəyişiklikləri, harada parkların salınacağı, harada daha çox yaşayış ərazilərinin inkişafı üçün şərait yaradılacağı da mənzillərin qiymətinə təsir edəcək və həmin ərazilərdə qiymətlər daha yüksək olacaq.
Bu, həm də əsas yeni yanaşmadan ibarətdir. Tək mərkəzli şəhərdən çoxmərkəzli şəhərə doğru addımlayırıq. Burada elə alternativ mərkəz əraziləri olacaq ki, onların da infrastrukturunun inkişafı digərləri ilə paralel şəkildə gedəcək. Yəni bütün ağırlıq tək bir mərkəzdə olmayacaq”.
Vüqar Oruc bildirib ki, Binəqədi, Həsən Əliyev, Ələt və digər istiqamətlərdə nəzərdə tutulan inkişaf layihələrinin reallaşması da daşınmaz əmlak bazarına təsir göstərə bilər.
Onun sözlərinə görə, xüsusilə Ağşəhər ərazisi qiymətlərin daha çox artacağı ərazilərdən biri kimi qeyd oluna bilər:
“Bundan əlavə, Ziya Bünyadov prospekti, Dərnəgül metrosunun ətrafı, Böyükşor gölü istiqaməti, Azadlıq prospekti ilə əlaqəli küçələr, Mehdiabad-Binəqədi yolu, bu yoldakı torpaq sahələri, Heydər Əliyev prospekti, Ağşəhər, Bakı-Sumqayıt şossesi, Xırdalan istiqamətləri, Babək prospekti, xüsusilə şəhərə yaxın hissələrdə də qiymət artımı gözlənilir.
Mehdiabad, Dərnəgül, Ziya Bünyadov, Keşlə, Babək, Ağşəhər, Nobel prospekti, Lökbatan, Xocəsən, Binəqədi, Böyükşor və Sabunçu ərazilərini əsas istiqamətlər kimi göstərmək olar”.
AQC sədri qeyd edib ki, investor üçün əsas məsələ daşınmaz əmlaka harada daha çox tələbin olacağını müəyyən etməkdir:
“Metrolara necə çıxış olacaq, magistral yola hansı istiqamətdə çıxış olacaq – əsas məsələlər bunlardır.
Xətai metrosunun istiqaməti, Babək prospekti, 8 Noyabr prospekti ilə əlaqə, Babək Plaza ətrafı, Keşlə dəmir yolu istiqaməti, Ağşəhər və Nobel prospektinə çıxış olan ərazilərdə də qiymətlərin yüksəlməsi gözlənilir”.
Vüqar Orucun sözlərinə görə, Baş Planın həyata keçirilməsi nəticəsində mərkəzi ərazilərdə torpağın qiyməti 1 sot üçün 1-3 milyon manat arasında dəyişə bilər.
Gülnaz Abdullazadə
