Xalqımız baharın gəlişini həmişə təmtəraqla qeyd edir, bayram süfrəsinə məxsusi diqqət yetirir. Lakin bayram günləri ərəfəsində həmişə olduğu kimi zəruri məhsulların, əsasən də çərəzlərin, quru meyvələrin bahalaşmasının şahidi oluruq.
Bunun səbəbi nədir?
Referan Media-ya açıqlama verən iqtisadçı-ekspert Bella Bəşirova Bildirib ki, “Novruz süfrəsinin əsas təamlarından biri çərəzlər, quru meyvələrdi. Bayram ərəfəsində bu məhsulların satış qiymətinin artması ilk növbədə tələb və təklifə görə izah olunur. Bu dövrdə çərəzlərə, quru meyvələrə, həmçinin Novruzda ehtiyac duyulan mallara tələbat çoxalır, təklif isə qısa müddətdə dəyişmədiyi üçün qiymətlər artır.
D
igər mühüm faktor regiondakı geosiyasi proseslərdi. Xüsusilə İranda baş verən müharibə və qeyri-sabitlik bölgədə ticarət axınlarına, logistika xərclərinə və idxal kanallarına təsir göstərir. İran Azərbaycanın quru meyvə idxalında əhəmiyyətli paya malikdir və orada yaranan hər hansı risk qiymət zəncirinə birbaşa təsir edir.
Bununla yanaşı, bazarda müəyyən işbazların süni qiymət artımı yaratmaq məqsədilə məhsulları dövriyyədən qısa müddətə çıxarması da bahalaşmaya səbəb olur. Bu artıq bazar davranışı və spekulyativ amildir”.
Ümumilikdə, qiymət artımı həm obyektiv iqtisadi səbəblərlə, həm də subyektiv bazar davranışı ilə bağlıdır. Belə hallarda bazara nəzarət mexanizminin gücləndirilməsi vacibdir. Azərbaycanda bu məqsədlə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi mövcuddur. Bu təşkilatın əsas vəzifələrindən biri rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətini həyata keçirmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, təsərrüfat subyektləri və müştərilərin mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı rəqabət qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirlər görməkdir. Göründüyü kimi qanunvericilikdə hər şey aydın şəkildə yazılıb, amma nəticə yoxdur. Hər kəskin qiymət artımında bu agentlik bir-iki reyd keçirir, davamı isə olmur.
Sima Babayeva























