Türkiyənin "Beşiktaş" klubu dünya futbolunun tanınmış simalarından biri olan Vircil van Deyki heyətinə qatmaq üçün hərəkətə keçib.
Referans Media xəbər verir ki, qara-ağlıların İngiltərə Premyer Liqasında çıxış edən "Liverpul"un hollandiyalı müdafiəçisi üçün ilk təklifinə müsbət cavab aldığı iddia olunub.
Türkiyə mətbuatında yayılan xəbərlərə görə, "Beşiktaş" rəhbərliyi Van Deykin transferi ilə bağlı danışıqları sürətləndirmək istəyir. İddialara əsasən, futbolçunun meneceri detalları müzakirə etmək üçün İstanbula dəvət olunub.
Məlumata görə, "Liverpul" təcrübəli müdafiəçi üçün təxminən 10 milyon avro transfer haqqı tələb edir. Van Deykin isə illik maaş gözləntisinin 12 milyon avro civarında olduğu bildirilir.
"Beşiktaş"ın daha əvvəl dünya səviyyəli futbolçu Məhəmməd Salah üçün də hərəkətə keçdiyi iddialarından sonra Van Deyk xəbəri də Türkiyə futbol gündəminə bomba kimi düşüb.
Qeyd edək ki, Vircil van Deyk uzun illərdir "Liverpul"un əsas oyunçularından biri hesab olunur və dünyanın ən güclü mərkəz müdafiəçilərindən biri kimi tanınır.
Qeyd: Van Deykin Beşiktaşa transferi ilə bağlı məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.
