Bir zamanlar iş adamı idi, bu gün küçələrdə yaşayır - VİDEO

Türkiyənin Ankara şəhərində yaşayan 62 yaşlı kimyaçı Ali Bektaş iqtisadi böhran nəticəsində bütün var-dövlətini itirərək evsiz qalıb. Bir vaxtlar müəllimlik edən və daha sonra öz kimya şirkətini quran Bektaş bu gün küçələrdə həyat mübarizəsi aparır.

Referans Media xəbər verir ki, əslən Kırşehirdən olan Ali Bektaş Egey Universitetinin Kimya fakültəsinin məzunudur. O, uzun illər müəllim işlədikdən sonra Ankarada öz biznesini qurub. Lakin yaşadığı maliyyə böhranı nəticəsində şirkəti fəaliyyətini dayandırıb və Bektaş bütün yığımlarını itirib.

62 yaşlı kimyaçı bildirib ki, yaşadığı sosial və iqtisadi çətinliklər onu evsiz vəziyyətə salıb. Ali Bektaşın 82 faiz əlilliyi var. O, dövlətin təqdim etdiyi güzəştlərdən yararlanaraq pulsuz qatar səfərləri edir və gecələrini müxtəlif şəhərlərdə keçirməyə çalışır.

Bu məqsədlə Manisaya da səfər etdiyini deyən Bektaş bildirib: “Şirkətim batdıqdan sonra küçələrdə yaşamağa başladım. Əlillik vəsiqəm sayəsində qatarlarla ölkənin müxtəlif bölgələrinə gedə bilirəm. Manisaya da bir qədər dincəlmək və şəhəri tanımaq üçün gəlmişəm.”

Bektaş evsizliyin yalnız Türkiyəyə məxsus problem olmadığını vurğulayaraq bildirib ki, dünyanın bir çox ölkəsində insanlar müxtəlif səbəblərdən küçələrdə yaşayırlar.

Onun sözlərinə görə, küçələrdə yaşayan insanların əhəmiyyətli hissəsi alkoqol və narkotik asılılığı ilə mübarizə aparır: “Bu problemlərlə fərdi şəkildə mübarizə aparmaq çətindir. Dövlət bu sahədə daha fəal rol oynamalıdır. Mənim kimi iqtisadi və sosial səbəblərdən həyatını itirən insanlar da var.”

Bütün çətinliklərə baxmayaraq ümidini itirmədiyini deyən Bektaş yaşadığı vəziyyəti həyatın sınağı kimi dəyərləndirir: “Bu dünyada hər kəs müxtəlif sınaqlardan keçir. Zəngin olmaq da, kasıb olmaq da, sağlam olmaq da, xəstə olmaq da bir imtahandır. Küçədə qalmaq, ac və susuz qalmaq əlbəttə ki, asan deyil. Amma bunu Allahın mənə verdiyi sınaq kimi qəbul edir və səbir göstərməyə çalışıram.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki