Bu ölümcül virus Azərbaycanda da yayıla bilər - Həkimdən SOS

Ebola virusunun yayılması ilə bağlı beynəlxalq narahatlıq yenidən gündəmə gəlib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Konqo Demokratik Respublikasında oktyabrın 20-dək 9 704 təsdiqlənmiş yoluxma və 4 687 ölüm qeydə alınıb. Keniya və Nigeriyada da idxal olunmuş hallar aşkarlanıb.

Ebola yüksək ölüm riski ilə seçilən virus xəstəliyidir. Beynəlxalq səfərlərin və insanların ölkələr arasında hərəkətinin intensiv olduğu bir dövrdə belə epidemiyalar digər ölkələr üçün də epidemioloji hazırlıq məsələsini aktuallaşdırır.

Bəs Ebola virusunun beynəlxalq yayılma riski nə dərəcədə ciddidir?

Referans Media xəbər verir ki, professor, həkim-cərrah Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Ebola hemorragik qızdırmalar qrupuna aiddir və kifayət qədər də fatal infeksiyadır, yəni ölümlə nəticələnən infeksiyadır, ölüm faizi də yüksəkdir. Bu xəstəlik zamanı xəstəlik baş verən dövrdən bir müddət sonra orqanizmdə çox dərin intoksikasiya baş verir və sonda güclü qanamalar və ürək, ağciyər, böyrəklər tərəfdən çox ağır-ağırlaşmalar baş verə bilər. Ümumiyyətlə, hemorragik qızdırmaların içərisində denge qızdırması, sarı qızdırmadır və Ebola qızdırması xüsusilə seçilir. Kongo Demokratik Respublikası və həmin ətrafda olan ərazilərdə mütəmadi olaraq bu hemorragik qızdırmaların bir epidemioloji ocağı müəyyən edilir və neçə dəfə bu ÜST tərəfindən lokallaşdırılır”.

Onun sözlərinə görə, Ebolanın təbii rezervuarı heyvanlardır: “Daha çox da yarasalarda, sonra primatlarda baş verir və insana keçir. İnsan yoluxmuş başqa insandan kontakt yolu ilə yoluxa bilər. Lakin bunun hava-damcı yolu ilə keçməsi hələlik mümkün deyil. Amma belə infeksiyanın hava-damcı yolu ilə keçməsi baş verərsə, bu, bəşəriyyəti çox böyük tələfata gətirib çıxara bilər.

Ümumiyyətlə, nə vaxtsa belə təhlükə gözlənilir. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatının həyəcan təbili çalması çox məntiqlidir. Hesab edirəm ki, bu infeksiya həm yerli ictimaiyyətin gücü, həm insanların yanaşması, həm də ki, ÜST-ün özünün tədbirləri ilə lokallaşdırılmalıdır. Əks halda, bu, bir tərəfdən insan tələfatına, digər tərəfdən isə virusun başqa canlı orqanizmə keçməsinə səbəb ola bilər.

Məsələn, HİV daşıyıcısı olan və immun sistemi çox zəifləmiş xəstələrin orqanizmində virus mutasiyaya uğraya bilər. Ən təhlükəli məqam da məhz budur. Belə viruslar sonradan başqa xassə göstərə bilər. Ona görə də vaxtında onun lokallaşdırılması çox mühümdür”.

Professor qeyd edib ki, belə infeksiyanın Azərbaycan üçün də riski var: “Əgər bura hər hansı bir şəxs yoluxub gəlib Azərbaycanda onun klinik mərhələsinə gəlib çıxa bilər ki, bu da yenə yoluxma riskini artıra bilər. Ona görə də istənilən bir infeksiyanın ölkəmizdə də peyda olması mümkündür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki