ABŞ Senatı və Nümayəndələr Palatasındakı demokratlar prezident Donald Trampın Rusiya ilə dizel yanacağının idxalına dair mümkün razılaşmasını araşdırmağa hazırlaşır. Onlar Amerika şirkətlərindən Rusiya yanacağının idxalı ilə əlaqəli bütün sənədləri qoruyub saxlamağı tələb ediblər.
Referans Media xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə demokratlar Konqresin bir və ya hər iki palatasında nəzarəti ələ alacaqları təqdirdə, xarici əlaqələr, bank işi, maliyyə və hüquq məsələləri üzrə nüfuzlu komitələrə rəhbərlik edə bilərlər. Bu halda Tramp administrasiyasının Rusiya ilə mümkün razılaşmalarının araşdırılması onların əsas prioritetlərindən birinə çevriləcək.
Demokratlar “JPMorgan Chase”, “Bank of America”, “Citigroup” və “Morgan Stanley” banklarına, eləcə də Nyu-York və Nyu-Cersi limanlarının idarəetmə qurumları da daxil olmaqla bir sıra liman administrasiyalarına məktublar göndəriblər. Məktublarda Rusiya yanacağının mümkün idxalı ilə bağlı sənədlərin gələcək Konqres araşdırmaları üçün saxlanılması tələb olunur.
Oktyabrın 24-də göndərilən məktublarda bildirilir ki, Rusiya dizel yanacağının idxalına dair mümkün razılaşma ciddi milli təhlükəsizlik narahatlıqları yaradır. Demokratların fikrincə, belə bir saziş Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin maliyyələşdirilməsinə töhfə verə bilər.
Məktublarda şirkətlərə ABŞ ərazisində Rusiya dizel yanacağının alınması, daşınması, idxalı, boşaldılması, saxlanması, maliyyələşdirilməsi və paylanmasına yardım etməmək, eləcə də bu yanacağın digər bazarlara tədarükündə iştirakdan çəkinmək çağırışı səslənir.
Ağ Ev isə demokratların təşəbbüsünü tənqid edib. Administrasiyanın sözçüsü Teylor Rocers bildirib ki, müxalifət amerikalıların həyatını yaxşılaşdırmağa yönələn konkret proqramının olmadığını bir daha sərgiləyir və Tramp haqqında araşdırmalara həddindən artıq diqqət ayırmaqda davam edir./globalinfo.az
